Firudin Cəlilov: “Konsey beynəlxalq arenada Güney Azərbaycanın səsi olacaq”

Firudin Cəlilov: “Konsey beynəlxalq arenada Güney Azərbaycanın səsi olacaq”

Firudin Cəlilov: “Konsey beynəlxalq arenada Güney Azərbaycanın səsi olacaq”Müsahibimiz, Azərbaycan Respublikasının keçmiş Təhsil Naziri, sabiq millət vəkili, Uluslarası Güney Azərbaycan Konseyinin  üzvü, professor Firudin Cəlilovdur.

– Firudin müəllim, bu günlərdə Uluslararası Güney Azərbaycan Konseyinin (UGAK) forumu keçirildi. UGAK yenidənmi yarandı, yoxsa əvvəl mövcud olmuş konseyin tərkib hissəsidir? Birdə UGAK –ın mərkəzi qərargahı harada fəaliyyət göstərəcək?

– Keçirilən forum qurumun təşkilatdaxili məsələlərə deyil, bugün  Güney Azərbaycan gerçəkləri və bununla bağlı konseyin qarşısında duran vəzifələrə, görüləcək işlərə həsr olunmuş toplantı idi. Bu forumun önəmli cəhətlərindən biri o idi ki, Türkiyədən, Avropadan olan konsey üzvləri, milli fəallar tədbirə skayp vasitəsilə qatılmışdılar və öz fikirlərini bildirdilər. Daha önəmlisi o idi ki, forumda Güney Azərbaycan məsələsini yaxından izləyən mütəxəssislər ,ekspertlər iştirak edirdilər. Məsələn, Azərbaycanın İrandakı keçmiş səfiri, professor Əliyar Səfərli Avropadan Arif Rəhimov mövzu ilə əlaqədar maraqlı məruzə etdilər. Siyasi partiya, QHT rəhbərlərinin, mllət vəkillərinin çıxışları oldu.
Forumun əsas ən önəmli cəhəti ondan ibarət idi ki, ölkədə fəaliyyət göstərən QHT-lər, müxtəlif siyasi partiyalar, tanınmış ziyalılar, sənətçilər ümummilli mənafe naminə bir araya gəlmişdilər. Yəni, Qarabağ məsələsindən sonra onlar Güney məsələsində birləşmişdilər. İştirakçılar tədbirdən razı getdilər.
Onu da əlavə edim ki, konseyin daxili təşkilat məsələlərinə aid konseyin 50 nəfərlik üzvünün üçdə ikisinin iştirakı ilə alınmış qərar var. Yəni, köhnə konseyin idarə heyəti məhsuldar işləmədiyi üçün buraxılıb, 21 nəfərdən ibarət Qurultaya hazırlıq üzrə təşkilat komitəsi seçilib. Bu forumu da həmin təşkilat komitəsi keçirdi. Qərargahla bağlı sualınıza cavab olaraq deyim ki, hələ gündəlikdə bu məsələ yoxdur, Qurultayda bəlli olacaq, orada daha vacib məsələlər də müzakirə ediləcək.

– İranla Azərbaycan arasında movcud gərginliyin nisbətən soyuduğu bir zamanda, UGAK-ın mərkəzi qərargahının Türkiyədən Azərbaycana köçülürməsi dövlətimiz üçün hər hansısa problem yaratmayacaq ki?

– Axı, bu yanlış informasiyadır və insanları belə fikirlərlə çaşdırmaq olmaz. Biz bu məsələni müzakirə etmirik. Daha vacib məsələləri müzakirə edirik. Ola bilər ki, konseyin qərargahı Avropada yerləşsin. Hələ qurultay keçirilməyib ki, qərargah məsələsi də müəyyən olunsun. Bu qurultaydan sonra müəyyənləşəcək.
Azərbaycan-İran münasibətlərinin pisləşməsi indiki dövrdə baş verməyib ki, bu məsələ ona təsir etsin. Bu iki yüz ildir ki, davam edən bir münasibətdir, onun yumşalması-sərtləşməsi mahiyətini dəyişmir.
Bu gün söhbətin əsas məğzi 50 milyonluq Azərbaycan xalqının taleyindən gedir.  Artıq, dünyada bizi parçalanmış millət olaraq qəbul edirlər. Soydaşlarımız fars rejimi altında əziyyət çəkir. Burda konkret olaraq, problem iki dövlət arasında baş verən münasibətdən getmir ki, hansısa problemlər yaşansın və söhbət bir xalqın əzilmiş hüquqlarının bərpa olunmasından gedir. Güneydə yaşayan soydaşlarımız öz haqlarını əldə etmək üçün mücadilə aparırlar və biz onlara dəstək olmalıyıq.  Bu məsələdə prinsipal mövqe ortaya qoymalıyıq.

– Bu gün Avropada yüzminlərlə Cənubi Azərbaycan türkü yaşayır. Onlar UGAK-ın yaranmasına necə baxırlar?

– Konsey hələ özünü doğrultmayıb və bu haqda danışmaq tezdir. Gərək, konsey hansısa bir iş ortaya qoysun ki, ondan sonra ona qarşı güvən yaransın. Bu güvən yaranandan sonra, insanların baxış və fikirləri formalaşmağa başlayacaq.
Konseyin içində 4-5 nəfər var ki, konseyin işini ləngidirlər. Onlar konkret olaraq, nizamnaməni, məramnaməni və strukrutların yaranmasının qarşısına əngəl yaratmağa çalışırlar. Yəni, təşkilatı formalaşmağa imkan vermirlər.

– Firudin müəllim, onda belə çıxır ki, konseydə intriqa var?

– Yox. Mən deyərdim ki, bu məsələdə bir necə dövlətin barmağı var. Başda İran, Rusiya, Ermənistan bütövlükdə olmaqla, Türkiyə və Azərbaycanda da bəzi qüvvələr də bu işdə maraqlıdırlar ki, bu konsey yaranmasın və fəaliyyətsiz bir vəziyyətə gəlsin.
Yəni, konseyin içində də bəzi insanlar var ki, bu işə mane olurlar. Çünki onlar bilirlər ki, prosesin uğurla getməsi onları narahat edəcək və indidən bunun qarşısını almağa çalışırlar.
İnanıram ki, qurultayda bu məsələlər öz həllini tapacaq. Konsey ciddi bir təşkilat kimi öz işini görəcək, sözünü deyəcək.

– Sizcə, UGAK uzun müddətdir ki, federallarla istiqlalçılar arasında olan fikir ayrılığını aradan qaldıra biləcəkmi?

– Bu çox yaxşı sualdır. Konseyin adından göründüyü kimi, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yolunda öz davasını aparan, QHT-lər, partiyalar və müxtəlif ideoloji düşüncənin insanları təşkilatda təmsil oluna bilərlər.
Konsey Güney Azərbayan məsələsinin müzakirə edilməsi və ortaq məxrəcə gəlinməsi üçün bir mərkəz rolunu oynayır. Çalışacağıq ki, kənarda olan davaları,çəkişmələri, kimin kimlə problemi varsa, kim özünə lider seçdirmək istəyir və s. məsələlər təşkilatın içinə daxil olmasın. Burada ümummilli məsələr ortaya qoyulacaq və bu fikirlər konsensusla qəbul olunacaq.
Konsey koordinasiya rolunu oynayacaq. Əsas odur ki, biz Güney Azərbaycanda həbs edilən, işgəncələrə məruz qalan milli fəallarımızın səsini beynəlxalq insan haqlar təşkilatlarına, BMT, AŞPA, AB və s.qurumların diqqətinə çatdıracağıq. Qısa olaraq onu deyim ki, Güney Azərbaycanın səsi olacağıq. Bu gün konseydə 34-dən çox təşkilat təmsil olunur. Biz çalışacağıq ki, bir çox təşkilatları dəvət edək və palitra geniş və ətraflı olsun. Bir az öncə dediyim kimi,bu konsey qucaqlayıcı bir təşkilat olacaq və burada təşkilatlarımızın doğma birliyini formalaşdıracağıq. Daxili çəkişmələrin konseyə gəlməsində imkan verməyəcəyik. Fürsətdən istifadə edib, saytın oxucu arealını nəzərə alaraq  Güney Azərbaycan məsələsi ilə məşğul olan təşkilatları gələn ay (noyabr) Türkiyənin payxatı Ankara şəhərində konseyin qurultayına dəvət edirik və qurumlar bu işdə fəal olmalıdırlar.