Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


 

Azərbaycanın teatr incəsənəti (hissə 2)

Həmin dövrdə keçmiş SSRİ-nin bir sıra ayrı-ayrı respublikalarında olduğu kimi, Azərbaycan teatr sahəsində də üslub və janr cəhətdən təkmilləşmə prosesi müşahidə olunurdu. İstər müasir, istər tarixi mövzulu əsərlərdə, tamaşaların quruluşlarında, bədii tərtibat işlərində, musiqidə, istərsə də aktyor oyununda üslub xüsusiyyətləri zənginləşir, möhkəmlənirdi; səhnə sənətində ideya və məzmun anlayışı ilə sıx bağlı olan janr, forma və üslub axtarışlarına meyl güclənir, bu sahədə təkamül və inkişaf hiss olunurdu. Tarixi-romantik, tarixi-qəhrəmanlıq, lirik-psixoloji, ailə məişətlə bağlı realizm və s. bu kimi üslubi xüsusiyyətlər teatrın məna və mahiyyətinə zənginlik gətirirdi. Bu dövrün faktik materialına əsaslanan teatr tənqidi də öz hüdudlarmı genişləndirir, elmi-nəzəri, estetik keyfiyyəti artırırdı; Azərbaycan teatr tənqidi imkan daxilində teatr prosesinə müdaxilə edir, onun tərəqqisinə çalışırdı.

Cəmiyyətin mövcud inkişaf mərhələsində geniş vüsət alan ideologiya və ideoloji mübarizə dərinləşdikcə xalqın mənəvi həyatında mühüm rol oynayan, ictimai fikrin formalaşmasına əhəmiyyətli təsir göstərən yaradıcılıq təşkilatları, o cümlədən teatr və nüfuzlu sözünü deyirdi.

Üzdəniraq M.S.Qorbaçov «yenidənqurması» keçmiş SSRİ-yə, xüsusilə, Azərbaycana böyük bəlalar gətirdi. 1980-cı illərin ortalarından başlayaraq Azərbaycan daxili və xarici düşmən təxribatları üçün poliqona çevrildi. Xəyanət və satqınlıqlar üzündən Azərbaycan torpaqlarının böyük bir hissəsi işğal olundu. Milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. Bütün bunlarla yanaşı, hərbi-siyasi anarxiya, iqtisadi böhran, talançılıq və terror Azərbaycanın iqtisadi-siyasi həyatında dərin tənəzzül yaratdı.

1988-ci ildən qəflətən Azərbaycan xalqının kürəyinə xəncər saplayan ermənilər respublikamızda görünməmiş faciələr törətdilər; xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etdilər. Günahsız dinc əhalini qırdılar. Xocalı soyqırımını törətdilər. 1990-cı il 20 yanvar faciəsinə səbəb oldular. Evləri talan edib, Azərbaycan xalqına məxsus milli mədəniyyət abidələrini uçurub dağıtdılar, onun ən yaxşı sənət əsərlərini qarət edib öz adlarına çıxdılar.

Respublikada baş verən ictimai-siyasi və iqtisadi böhran xalqın milli mədəniyyətinə, incəsənətinə, o cümlədən teatr sənətinə öz mənfi təsirini göstərdi. Azərbaycanın bəzi sənətkarları ruhdan düşdü, teatrlarda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi. Hətta Azərbaycan Dövlət Akademik Dram Teatrı, Azərbaycan Teatr Xadimləri İttifaqı müvazinətini bir qədər itirsə belə, Azərbaycanın mütərəqqi, humanist, uzaqgörən sənət adamlarının köməyi və yaxından iştirakı ilə onlar öz işlərini yenidən qurdular. Onlar çox gözəl dərk edirdilər ki, səhnə xadimlərinin, teatr işçilərinin varlığına ümidli gözlər dikilib. Odur ki, onlar müxtəlif üsullar, yollar və vasitələrlə öz varlıqlarını sübut etdilər.

1990-cı ildən sonra, xüsusilə keçmiş SSRİ dağıldıqdan (1991) sonra insanların sosial və vətəndaşlıq fəallığı daha da artdı. Milli mənliyini dərk edən azərbaycanlılarda sosial cəsarət, vətəndaşlıq təəssübü xeyli gücləndi, milli hiss qüvvətləndi. Sənətindən, cəmiyyətdə mövqeyindən asılı olmayaraq hamı baş verən proseslərə öz münasibətini cəsarətlə bildirməyə başladı. Sözsüz ki, baş verən böyük hadisələr fonunda Azərbaycan teatr sənəti də öz mənini müəyyənləşdirmək və təsir qüvvəsini artırmaq qeydinə qaldı. Həqiqətdir ki, Azərbaycan teatrları çox ciddi, ağır və çoxsaylı problemlərlə üzləşdiyi zamanda onlar fəaliyyət qabiliyyətlərinə görə kəskin şəkildə bir-birindən seçildilər. 1990-cı ildən sonra yaranan Yuğ, Miniatur, Pontomim, Bələdiyyə, Kamera Gənclər teatrlarının yaxşı mənada özlərini təsdiq etmələri fərəh doğurdu. Onlar sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi ilə kəskin şəkildə fərqləndilər.

Həmişə olduğu kimi, indi də, həyati məsələlərin həllində «teatrı yüksək instansiya» (Gertsen) hesab edən Azərbaycan teatr xadimləri səhnə ilə tamaşaçı arasında üzvi əlaqə yaratmaq üçün daha çox və səylə çalışmaq lazım gəldiyini bilirdi. Onu da bilirdilər ki, ənənə məfhumu altında mühafizəkarlığa, novatorluq adı ilə modaçılığa uymaq teatrın fəlakəti deməkdir. Bu cəhəti də unutmurdular ki, səhnə sənətinin vəziyyəti, müvəffəqiyyətsizliyi və nailiyyəti canlı ifaçıdan çox asılıdır. O, bu gün «vətəndaşlıq və sənətkarlıq simasına, təfəkkür və mütəfəkkirlik qabiliyyətinə malik aktyor» (M.Məmmədov) teatra daha çox lazımdır; sənətin bütün məziyyətlərini özündə birləşdirən savadlı, bacarıqlı, istedadlı və işgüzar rejissorlara da teatrın ehtiyacı çoxdur. Bununla belə repertuar şah damarıdır; dram əsərləri yazanlarımız azdır. Yaxşı səhnə əsəri yazanlarımız isə lap azdır. Bunun müəyyən obyektiv və subyektiv səbəblər vardır. Əvvəla dram əsəri yazan şəxs gərək teatra bağlı olsun, bu sənəti həm dərinliklərinə, incəliklərinə qədər bilsin, həm də maddi təminatın azlığına dözsün, bu sənəti öz varlığına hopdursun, onun fədaisi olsun.

1990-cı ildən sonrada Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı öz ənənəsinə sadiq qalaraq yenə klassik və müasir Azərbaycan yazıçılarının, rus və dünya dramaturqlarının seçmə əsərlərini tamaşaya qoydu. Vaxtilə tamaşaçılara göstərdiyi əsərləri yeni quruluşda oynamaqla yanaşı, teatr İ.Əfəndiyevin «Dəlilər və ağıllılar», «Tənha iydə ağacı», «Hökmdar və qızı», B.Vahabzadənin «Hara gedir bu dünya», «Özümüzü kəsən qılınc», D.Aslanın «Dindirir əsr bizi», Ə.Əmirlinin «Qaraqoyunlular və Ağqoyunlular», V.Babanlının «Ana intiqamı», M.Haqverdiyevin «Qısqanc ürəklər», K.Fiqereydanın «Məhəbbət və azadlıq», Q.Lorkanın «Dişi canavar», C.Məmmədquluzadənin «Anamın kitabı», N.Hacızadənin «Qisas qiyamətə qalmaz», K.Abdullanın «Min illərin işığı», V.Şekspirin «Kral Lir», Elçinin «Ah, Paris, Paris», «Mənim sevimli dəlim», S.Vurğunun «Fərhad və Şirin», N.Həsənzadənin «Pompeyin Qafqaza yürüşü» Sofoklun «Şah Edip», C.Aytmatovla M.Şaxalovun «Sokratı anma gecəsi», Nəbi Xəzrinin «Burla Xatun» və b. əsərləri tamaşaçılara göstərdi.

Elçinin Akademik Milli Dram Teatrı səhnəsində göstərilən həm dramaturji, həm də bədii cəhətdən diqqəti cəlb edən, icitmai-siyasi, bədii-estetik mövqeyi tam aydınlığı ilə görünən «Mənim sevimli dəlim» komediyasında da (qur. rej A.Nemətov) gülüş məqsəd deyil, güclü bir vasitə kimi nəzərə çarpırdı. Özü də burada ciddiyyət əyləncədən, mənaxarici təmtəraqdan çox-çox üstün idi. Burada ölməz Cəlil Məmmədquluzadənin tənqidi üslubu «Molla Nəsrəddin»in hər məqamda, hər anda ayıq, sayıq olan satirik qələmi, ifşaedici cəhəti özünü aydın göstərirdi.

Əsər sadəcə müasir mövzulu deyil; o, müasirliyin bütün əlamət və keyfiyyətlərini özündə əks etdirir, ən mühüm cəhətləri ümumiləşdirilmiş, tipikləşdirilmiş şəkildə göstərilir. Necə ki, bir vaxt M.F.Axundov öz dövrünün Molla İbrahim Xəlillərini, dərviş Məstəli şahların, Hacı Qaraların müasirliyin yüksək tələbləri səviyyəsində təsvir etdi, klassik məqamına yetirdi; necə ki, Cəlil Məmmədquluzadə dövrün dəlilərini seçdi, ayırdı, tipikləşdirdi, ustalıqla qələmə alıb ölməz əsərlər yaratdı. Eləcə də Elçin güclü müasirlik duyğusu ilə yaratdığı «dəlilərə» sanki əbədi pasport verdi.
B.Vahabzadənin «Özümüzü kəsən qılınc» və «Dar ağacı» əsərlərinin tamaşaları (qur. rej. A.Kazımov) əsarətə, yadelli işğalçılara qarşı mübarizəyə qalxan xalqın istək və arzularının, idealının təcəssümü kimi səsləndi. N.Xəzrinin «Kitabi Dədə Qorqud» dastanı əsasında yazdığı «Burla Xatun» əsərinin tamaşası da bu nöqteyi nəzərdən əhəmiyyətli idi.
Azərbaycan peşəkar teatrının yarandığı vaxtdan keçən 125 il ərzində respublikamızda qüvvətli teatr kollektivləri yaranmışdır. İndi Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (Dövlət teatrı kimi 1938-ci ildə yaradılmışdır), Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı (əsası 1929-cu ildə qoyulmuşdur) A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Bələdiyyə teatrı, Gənclər teatrı, Tədris teatrı, Yuğ teatrı, Kamera teatrı, Pontomim teatrı fəaliyyət göstərir. Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Ağdam, Mingəçevir, şəhərlərində də dövlət teatrları vardır.
Bunlardan əlavə respublikamızda Mahnı teatrı, Muğam teatrı, Ş.Məmmədov adına Opera studiyası, Gəncə Dövlət Nizami poeziya teatrı, Gəncə gəlincik teatrı, Şuşa musiqili dram teatrı, Şəki satira teatrı, İrəvan Azərbaycan teatrı, Naxçıvan Cavid poeziya teatrı, Qusar Dram teatrı, Füzuli dram teatrı, Naxçıvan kukla teatrı, Qazax Dram teatrı fəaliyyət göstərir. Azərbaycan teatrının 125 illik inkişaf yolunu, onun çətin, fəqət şərəfli tarixini, yaradıcılıq axtarışlarını, nailiyyətlərini və büdrəmələrini tədqiq edib araşdırdıqda bir daha əmin olursan ki, Azərbaycan teatrı həmişə milli ictimai fikrin ön xəttində durmuş, xalqın mədəni intibahında, tərəqqi və azadlıq hərəkatında tarixi bir rol oynamışdır. Cəmiyyətlə, ictimai həyatla daim bağlı olan geniş tamaşaçı kütləsi ilə ünsiyyəti möhkəmləndirən Azərbaycan teatrı öz vətəndaşlıq mövqeyini, müasirlik və mübarizlik hissini aydın büruzə vermişdir. İnsanların mənəvi tərbiyəsində böyük rol oynayan bu teatrın müasir həyatdakı mövqeyi onun sülh, dostluq, insan səadəti yolunda gördüyü işlər, xeyrə, ədalətə, insanpərvərliyə çağırışı, ümidsizliyə qarşı kəskin mübarizəsi ilə şərtlənir, onun nəcib niyyətinə, mütərəqqi amalına dəlalət edir. Azərbaycan teatrı yaratdığı dəyərli tamaşalarla insanlarda saf hisslər, gözəl insani sifətlər, mübarizlik tərbiyə etməyə çalışmış, xalqın həyatı, mübarizəsi, istək və arzuları ilə bağlı olmuşdur. Azərbaycan teatrının 125 illik tarixi onun gərgin yaradıcılıq axtarışları, ideya-məfkurə çarpışmaları tarixidir. Bu tarixi yol çətin olduğu qədər də şərəfli və dəyərli olmuşdur.
1991-ci il oktyabr ayının 18-də Azərbaycan respublikası öz müstəqilliyini elan etdi. Müstəqillik elan edilsə də, ölkədə siyasi sabitlik yox idi. Hərc-mərclik hökm sürürdü, ölkəni parçalamaq cəhdində olan qruplaşmalar baş alıb gedir, ölkə günbəgün siyasi, iqtisadi, mənəvi tənəzzülə uğrayırdı. Müharibə, aclıq, ölüm, səfalət, işsizlik, suiqəsdlər, qaçqınlığın, məcburi köçkünlüyün törətdiyi fəsadlar qara kabus kimi respublikamızın başı üzərində hökm sürürdü. Bu ağır siyasi, ictimai, iqtisadi bəlalar insanlar arasında mənəvi düşkünlük, ümidsizlik, sabaha inamsızlıq yaradırdı. Təbii ki, Azərbaycanın elmi, ədəbiyyatı və incəsənəti də bu mənfi təsirdən yan keçə bilmirdi.
Müstəqilliyini elan etmiş Azərbaycanda real vəziyyət belə idi. Bir tərəfdən də, dəyişikliklərlə bağlı qeyri-müəyyənlik özünü güclü şəkildə göstərirdi. Dövlət tərəfindən bəzi maliyyələşdirmələr dayandırıldı. Teatrlar sponsorlara möhtac qaldılar. Hazırladıqları tamaşaları onların zövqünə uyğunlaşdırmalı, diqtəsinə, tələbinə qane olmaq məcburiyyətində idilər. Bəzi rayon teatrlarının binaları zəbt olunmaq qorxusuna məruz qaldı.
Vəziyyət elə gətirdi ki, onsuz da yaradıcılıq xüsusiyyətlərinə görə bir-birindən o qədər fərqlənməyən rayon teatrlarından bəziləri hətta öz vəzifə və məqsədlərini belə dəqiq müəyyən edə bilməmişdilər. Repertuar siyasətində yerli xüsusiyyət prinsipi tamamilə pozulmuşdu. Yerli dramaturqlarla yaradıcılıq işi heçə endirilmişdi. Repertuarda Akademik Dram teatrının repertuarını sönük və donmuş şəkildə təkrarlamaq meyli güclü idi. Bütün bu ağır vəziyyətə fədakarlıqla, şüurlu surətdə tab gətirən, sinə gərən Azərbaycan teatrı öz yaradıcılıq işini sahmana salmağa çalışırdı.

1991-ci ilin dekabr ayının 27-dən Azərbaycan Dövlət Akademik Dram Teatrı Azərbaycan Milli Akademik Dram Teatrı adlandırıldı.

Dünya miqyaslı görkəmli siyasi, ictimai və dövlət xadimi Heydər Əlirza oğlu Əliyev Azərbaycanın prezidenti seçildikdən sonra başqa sahələrdə olduğu kimi elm, ədəbiyyat və sənət adamlarının da sənətin sabahına inamı artdı, ümid qığılcımları parladı. H.Ə.Əliyev cənablarının vaxtaşırı; sənət adamları ilə görüşü, onların yubileylərində; iştirakı, ayrı-ayrı teatrlara gedib müxtəlif tamaşalara baxdıqdan sonra kollektivlə söhbətləşib, fikir söyləməsi onlara mənəvi dayağı müəyyənləşdirdi, və möhkəmləndirdi. Onun «mədəniyyət başqa aləmdir. Mədəniyyət uşaq kimidir, həmişə tumar və qayğı istəyir. O, həssasdır, əlinin tuman, ürəyinin qayğısı azca azalan kimi o, hiss edir, küsür, inciyir, siyasi rəhbər, dövlət xadimi, ölkə başçısı bunu bilməlidir, bir an yadından çıxarmamalıdır» kimi və buna bənzər müdrik, dahiyanə sözləri sənət adamlarını ruhlandırdı, yaradıcılıq həvəslərini artırdı.
Teatrın fəaliyyətində onun yeniləşmə prosesinə qoşulduğu hiss olundu. Xüsusilə, istər tarixi, istərsə də müasir mövzuda yazılmış əsərlərdə və onların səhnə yozumunda həyatla, zamanla ayaqlaşmaq, zövqün dinamik təbiəti ilə uyuşmaq, yəni estetikanın deyişən yeni gərəkli keyfiyyətlərinə müvafiq şəkildə tamaşaçıya təsir etməsi, eləcə də tamaşaların janr müəyyənliyində, poetik xüsusiyyətlərində yaxşı nəticələr əldə etməsi aydın şəkildə özünü göstərdi. Müasirlik sənətin əsas mahiyyəti (tarixi mövzulu tamaşalarda da) ilə bağlandı, millilik parlaq istedada şamil edildi. Yüksək yaradıcılığa söykənildi.
Azərbaycan teatrı öz ənənəsinə sadiq qalaraq yenə klassik və müasir Azərbaycan yazıçılarının, rus və dünya dramaturqlarının seçmə əsərlərini tamaşaya qoydu.
Gün kimi aydındır ki, «Teatrlarımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var və bu teatr bu gün də, gələcəkdə də yaşayacaqdır.» (Heydər Əliyev) Müstəqillik yolu ilə irəliləyən respublikamızın milli teatrı işıqlı və demokratik ideyalar uğrunda mübarizəsini davam etdirir, vətəndaşlıq və müasirlik mövqeyini, yaradıcılığındakı bəşəri və humanizm ideyalarını möhkəmləndirir, adamların artan mənəvi estetik tələblərinə cavab verən bədii cəhətdən dolğun, mükəmməl tamaşalar yaratmaq əzmini nümayiş etdirir.
Mirzə Fətəli Axundov yalnız Azərbaycanın deyil, bütün Yaxın Şərqin ilk dramaturqudur. Onun Molla İbrahim Xəlil kimyagər, «Hacı Qara», «Müsyö Jordan və dərviş Məstəlişah», «Lənkəran xanının vəziri» və s. komediyaları Azərbaycan teatrının inkişafına, realizm yolu ilə tərəqqisinə səmərəli təsir göstərmiş, səhnə sənətimizin ayrılmaz hissəsi olmuşdur.
Həm Bakıda, həm də başqa şəhərlərdə yaradılan Azərbaycan teatr truppaları M.F.Axundovun komediyalarına əsaslanırdı. Teatrın ictimai-tərbiyəvi əhəmiyyətini yüksək qiymətləndirən, onu inkişaf etdirən səhnə xadimlərimiz öz istedad və bacarıqlarını məhz M.F.Axundov komediyalarının tamaşalarında nümayiş etdirmişlər. Səhnəmizin görkəmli komediya ustası C.Zeynalov M.F.Axundov teatrının aktyoru idi. Ümumiyyətlə Azərbaycan səhnəsinə ilk aktyorların gəlməsinə, dramaturqların yetişməsində M.F.Axundov komediyalarının böyük rolu olmuşdur.
M.F.Axundovun nəzərincə teatr xalqın tez alışa biləcəyi, asan qavrayacağı bir iş olduğu üçün daha əhəmiyyətlidir, önəmlidir. Teatr millətin aynası, yaşayışını əks etdirən sənətdir. Qəzet, kitab və məktəbə nisbətən teatr daha əhəmiyyətli rol oynaya bilər, çünki teatr insanların ən tez alışa biləcəyi müəssisədir.
M.F.Axundov yaxşı dərk edirdi ki, XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra xalqın siyasi, iqtisadi və mədəni cəhətdən təcavüzə məruz qaldığı bir vaxtda xalqın inkişaf yoluna düşməsi üçün, şərəfli, ləyaqətli bir həyata qovuşması üçün feodalizm dövrünün yararsız adət-ənənələrindən, çürük etiqadlarından ayrılmaq, mütərəqqi dünya mədəniyyətinə aşina olub, müasir həyat tərzi yaşamaq lazımdır.
Azərbaycan teatrının təşkilatçılarından biri, XIX əsrin sonu XX əsrin əvvəllərində milli teatrımızın inkişafında fədakarlıq göstərən Həsən bəy Zərdabi «Mömin» müsəlmanların, avam camaatın tənələri müqabilində demişdir: «Bunlar bir zaman bizim onlara dost olduğumuzu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər». Həyatının mənasını xalqa xidmət etməkdə görən H.Zərdabi Azərbaycanda yaratdığı ilk qəzet olan «Əkinçi»də irəli sürdüyü fikirlərdə onun humanist və demokratik ideyaları öz əksini tapmışdı. «Bütün bacarığını xalqın yolunda sərf elə» deyən H. Zərdabi özü də bu işdə bayraqdar olmuşdu; «teatr banisi» adı qazanmışdı. O, həm də «gələcəyin müsəlman dramaturqlarını yetirmişdi. Əgər bu dramaturqlar olmasaydı, Azərbaycan səhnəsi də olmazdı» (Ə.Haqverdiyev).
Nəcəf bəy Vəzirovun dram əsərləri Azərbaycan teatrının repertuarında möhkəm yer tutmuş, teatrın realist yolla inkişafında, aktyorların, o cümlədən, Cahangir Zeynalovun, Əbülfət Vəlinin (Vəliyevin), Məhəmməd Əlvəndinin, Mehdi bəy Hacınskinin, Hüseyn Ərəblinskinin, Mirmahmud Kazımovskinin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin və b. yaradıcılıq təşəkkülündə əhəmiyyətli rol oynamışdır. Ədibin «Ev tərbiyəsinin bir şəkli», «Daldan atılan daş topuğa dəyər», «Sonrakı peşmançılıq fayda verməz», «Yağışdan çıxdıq, yağmura düşdük», «Vay şəələküm, məələküm», «Nə əkərsən, onu biçərsən» və s. əsərlər Azərbaycan teatrlarının repertuarını zənginləşdirmişdir.
N.Vəzirov Azərbaycan dramaturgiyasında yeni bir janrın və formanın - faciə janrının və bir pərdəli pyeslərin əsasını qoymuşdur. Faciə janrının yaranması ilə də Azərbaycan teatrında yeni bir istiqamət yarandı. Bu istiqamətdə yeni istedadlı aktyor nəsli yetişməyə başladı. Azərbaycan teatrında romantizm cərəyanı da inkişafa doğru vüsət aldı. N. Vəzirovun «Müsibəti Fəxrəddin» faciəsindən sonra Ə.Haqverdiyevin «Dağılan Tifaq», «Pəri cadu», «Ağa Məhəmməd şah Qacar» N.Nərimanovun «Nadanlıq» və «Nadir şah» pyesləri yarandı.
Görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 40 illik yaradıcılıq həyatında teatr fəaliyyəti xüsusi yer tutur. Yazıçının «Dağılan tifaq», «Bəxtsiz cavan»ü, «Pəri cadu», «Ağa Məhəmməd şah Qacar» dramları teatrımızı şöhrətləndirmiş, onun qızıl fonduna daxil olmuşdur. Bundan əlavə, müəllifin «Millət dostları», «Padşahın məhəbbəti», «Vaveyla», «Ac həriflər», «Sağsağan və s. əsərləri, həmçinin digər xalqların dramaturgiyasından tərcümə və təbdil etdiyi «Qəzavat», «Kimdir müqəssir», «Yəhudilər», «Sultan Osman» kimi pyeslər müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Ə.Haqverdiyev həm də bir rejissor, teatr təşkilatçısı və teatrşünas kimi səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan Teatrının inkişaf yoluna düşməsində görkəmli pedaqoq-müəllim, Həbib bəy Mahmudbəyovun təşkil etdiyi teatr truppası böyük rol oynamışdır. Sənət vurğunu olan Həbib bəy Mahmudbəyov təşkil etdiyi teatr truppasında yalnız tamaşalar göstərilməsi ilə kifayətlənmir. Səhnəyə qədəm qoyan, istedadlı, maarifpərvər ziyalılarla teatr sənətinin əsas xüsusiyyətləri, məna və mahiyyəti, məqsədi haqqında söhbətlər aparılırdı. Bu işdə Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov Həbib bəy Mahmudbəyovla həmfikir idilər. Maarifin, mədəniyyətin inkişafını Həbib bəy Mahmudbəyov milli şüurun inkişafı ilə əlaqəli şəkildə aparırdı. Bu onun xalqa xidmət etmək sahəsindəki başlıca işlərindən idi.
XX əsrin ilk illərindən Azərbaycan teatrının görkəmli nümayəndələri içərisində Hüseyn Ərəblinski xüsusilə seçilmişdi. Görkəmli aktyor rejissor və teatr təşkilatçısı kimi də səhnəmizin mədəni yüksəlişinə, onun sənətkarlıq cəhətdən təkmilləşməsinə, ideyaca qüvvətlənməsinə çalışmışdır.
Repertuarın janr və üslubca rəngarəng olmasını, beynəlmiləl xüsusiyyətini, səhnə sənətinin məzmun zənginliyini əsas tutan Hüseyn Ərəblinski xalqlar dostluğunun, birliyinin, mənəvi yaxınlığının qızğın tərəfdarı idi. O, böyük inam hissi ilə demişdi: «Səhnə artistləri qardaş edir. Ümidvaram ki, o xalqlar dostluğunu möhkəmlədən sement olacaqdır».
Qüdrətli sənətkar qüvvətli xarakterlərin, ehtiraslı düşüncələrə, qızğın temperamentə malik olan, zorakılığa, qəsbkarlığa nifrət bəsləyən adamların obrazlarını böyük ustalıqla yaratmışdı. O, həmişə xalqın içərisində, inqilabi axının mərkəzində olmuş, öz məharəti ilə onları ruhlandırmışdır.
Dünya teatrının ən gözəl ənənələri əsasında tərbiyə olunmuş böyük faciə ustası tamaşaçılara dövrünün ən yaxşı pyeslərini və dünya klassiklərinin şah əsərlərini göstərmişdir. Fərhad («Bəxtsiz cavan»), Fəxrəddin («Müsibəti Fəxrəddin»), Əhməd bəy Şamxal («Qəzavat»), Nadir şah («Nadir şah»), Otello («Otello»), Dəmirçi Gavə («Dəmirçi Gavə»), Ağa Məhəmməd şah Qacar («Ağa Məhəmməd şah Qacar»), Frans Moor («Qaçaqlar») və başqa obrazlar vasitəsilə özbaşınalığa, ədalətsizliyə, despotizmə qarşı öz nifrətini bəyan etmişdi.
Azərbaycan ədəbiyyatının dünya ədəbi mühitinə bəxş etdiyi nadir istedadlı sənətkarlardan olan Cəlil Məmmədquluzadənin-Azərbaycan ədəbiyyatının, teatrının inkişafındakı xidmətləri çox böyükdür. Aktyor, rejissor, teatr təşkilatçısı kimi fəaliyyət göstərən, «Molla Nəsrəddin» jurnalının naşiri, dünya şöhrətli böyük ədib bir çox qiymətli nəsr əsərləri, felyetonları ilə yanaşı, Azərbaycan dramaturgiyasını «Ölülər», «Dəli yığıncağı», «Anamın kitabı» və s. pyeslərlə zənginləşdirmişdir. Bu əsərlərin Azərbaycan səhnəsindəki tamaşaları milli rejissor və aktyorların yaradıcılıq peşəkarlığının inkişafına böyük kömək göstərmişdir.
Azərbaycan teatrında aktyor, rejissor, teatr təşkilatçısı, teatrşünas kimi fəaliyyət göstərmiş görkəmli dövlət xadimi Nəriman Nərimanovun «Nadir şah» tarixi faciəsi, eləcə də «Nadanlıq» və «Dilin bəlası» əsərləri teatrın repertuarını zənginləşdirmiş, milli aktyor və rejissorların yaradıcılıq inkişafına kömək etmişdir. Süleyman Sani Axundovun müxtəlif illərdə yazdığı mövzu və janr etibarilə bir-birindən seçilən «Tamahkar», «Laçın yuvası», «Eşq və intiqam» əsərləri, eləcə də onun türk dramaturqu Ş.Samidən tərcümə və təbdil etdiyi «Dəmirçi Gave» pyesi Azərbaycan teatrının inkişafında mühüm rol oynamışdır. S.S.Axundov Bakıda «Tənqid və təbliğ» teatrının yaranmasında, onun repertuarının zənginləşməsində, ideya və yaradıcılıq cəhətdən möhkəmlənməsində mühüm rol oynamışdır. Ədibin «Çərxi-fələk» pyesinin tamaşası ilə fəaliyyətə başlayan «Tənqid və təbliğ teatrı» onun «Şeytan», «İki yol», «Səadət zəhmətdədir», Molla Nəsrəddin Bakıda», «Şahsənəm və Gülpəri», «Bir eşqin nəticəsi», «Yeni həyat» və s. pyeslərini oynamışdır.
Hüseyn Cavid teatrının coğrafiyası geniş olduğu qədər onun təşəkkülü, inkişaf prosesi də mürəkkəb və ziddiyyətli olmuşdur. Cavid teatrının tarixi Azərbaycan teatrının müəyyən bir dövrünü əhatə edir. Böyük humanist şair-dramaturq Hüseyn Cavidin romantik səpkidə yazdığı dramları səhnə sənətimizə yeni keyfiyyətlər, yeni üslub gətirmişdi. Həyatiliyə, mübariz ideyaya malik olan bu romantikada həyata yeni baxış, yeni münasibət öz ifadəsini tapmışdı. H.Cavid əsərlərinin tamaşaları teatrımızın inkişafında əlamətdar hadisə idi. Onun «Şeyx Sənan», «İblis», «Dəli Knyaz», «Səyavuş», «Dəli yığıncağı», «Xəyyam», «Topal Teymur» əsərlərinin tamaşaları teatrımızın həyatında böyük rol oynamışdır. Bu tamaşalarda rejissor və aktyorlar öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edə bilmişlər.
Cəfər Cabbarlının «Aydın», «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almaz», «Yaşar», «1905-ci ildə» və s. pyesləri yalnız teatr həyatında deyil, ədəbi-ictimai mühitdə əlamətdar hadisəyə çevrilmişdir. Azərbaycan aktyorlarının böyük bir qismi C.Cabbarlının pyeslərinin tamaşalarında sənətkarlıq cəhətdən püxtələşmiş və təkmilləşmişdilər. C.Cabbarlı həm bir dramaturq, həm də rejissor, teatrşünas və tərcüməçi kimi də teatr işinə böyük xidmət göstərmişdir.

«Həyat» pyesi ilə dramaturgiya aləminə gələn Mirzə İbrahimov C. Cabbarlının ölümündən sonra (1934) teatrda yaranan süstlüyə son qoydu, kollektivdə yeni bir canlanma yaratdı. Korneyçukun «Polad Qartal» pyesindən sonra tamaşaya qoyduğu bu əsər rejissor Adil İsgəndərovun müvəffəqiyyətli işi oldu. Müəllifin və rejissorun nailiyyəti olan bu tamaşa teatrın istedadlı dramaturqlar yetişdirmək, yeni orijinal pyeslər göstərmək sahəsində qələbəsi kimi qeyd edildi.

M.İbrahimovun sonrakı illərdə yazdığı «Madrid», «Məhəbbət», «Kəndçi qızı», «Yaxşı adam», «Közərən ocaqlar», «Don Juan, yaxud bəşərin komediyası» əsərləri də tamaşaçıları ideya-estetik tərbiyəsinə, rejissor və aktyorların yaradıcılığına öz müsbət təsirini göstərdi.
Xəlqilik, qəhrəmanlıq, vətənpərvərlik və romantik vüsət kimi keyfiyyətləri poetik bir dillə, dolğun obrazlarla əks etdirən Səməd Vurğun dramaturgiyası Azərbaycan teatrına şöhrət gətirdi.
Əsası N. Nərimanovun «Nadir şah» əsəri ilə qoyulmuş, Ə. Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar»ı, C. Cabbarlının «Nəsrəddin şah»ı ilə davam etdirilən tarixi dram janrı «Vaqif» əsərində yeni xüsusiyyətlər kəsb etdi. A. İsgəndərovun 1938-ci ildə tamaşaya qoyduğu «Vaqif» dramı şairanəliyi, qəhrəmanlıq amalı, mənəvi qüdrəti, romantik vüsəti ilə tamaşaçıların qəlbinə yol tapdı, onların hörmət və məhəbbətini qazandı. Şairin qələmə aldığı «Fərhad və Şirin», «Xanlar» və «İnsan» pyeslərinin tamaşaları da Azərbaycan teatrının yaradıcılıq bacarığını özündə göstərdi.
Gözəllik aşiqi, sənət aşiqi Vaqifin, xalqın səadəti və maariflənməsi uğrunda çarpışan qəhrəman şairin («Vaqif») obrazı qüdrətli sənətkar Ələsgər Ələkbərovun ifasında nə qədər qüvvətli, cazibədar və təsirli idi.

Görkəmli dramaturq İlyas Əfəndiyevdə teatra, səhnə sənətinə olduqca aydın, ciddi və vicdanlı bir münasibət var idi. O, sələfləri M.F.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov, S.M.Qənizadə, S.S.Axundov kimi teatra «müqəddəs məkan», «məbədgah», «tərbiyə ocağı» kimi baxırdı. Ədibin ustad qələmindən çıxan «İntizar» (bu pyesi M.Hüseynlə birgə yazmışdı), «İşıqlı yollar», «Bahar suları», «Atayevlər ailəsində», «Sən həmişə mənimləsən», «Mənim günahım», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Qəribə oğlan», «Bağlardan gələn səs», «Natəvan», «Büllur sarayda», «Şeyx Xiyabani», «Bizim qəribə taleyimiz», «Sevgililərin cəhənnəmdə vüsalı», «Tənha iydə ağacı», «Dəlilər və ağıllılar», «Hökmdar və qızı» pyesləri teatrlarımızın üslub və janr cəhətdən təkmilləşməsinə, zənginləşməsinə müsbət təsir göstərdiyi kimi, orada müasirlik mövqeyinin möhkəmlənməsində, estetik prinsiplərin dərinləşməsində, rejissor işində və aktyor ifasında sənətkarlığın inkişaf etməsində mühüm rol oynamış, psixoloji amilləri qüvvətləndirməklə realizmi möhkəmləndirmişdir.

1930-1940-cı illərdə dramaturgiya sahəsində ciddi fəaliyyət göstərən Mirzə İbrahimov, İlyas Əfəndiyev, Mehdi Hüseyn, Rəsul Rza, Sabit Rəhman, Ənvər Məmmədxanlı kimi dramaturqlar 50-ci illərdən başlayaraq teatrın yaradıcılıq əlaqələrini möhkəmləndirdilər. «Nizami», «Cavanşir», «Alov» (M.Hüseyn), «Nişanlı qız», «Yalan», «Küləklər», «Əliqulu evlənir» (S.Rəhman), «Bahar suları», «Atayevlər ailəsində» (İlyas Əfəndiyev), «Şərqin səhəri», «Od içində», «Şirvan gözəli» (Ə.Məmmədxanlı) və s. dəyərli tamaşalar yarandı.

Azərbaycan teatrı mühüm problemlərin həll edilməsi işinə qoşulduğu bir vaxtda alman faşist işğalçıları SSRİ üzərinə hücuma keçdilər. O zamankı bütün sovet teatrları kimi, Azərbaycan teatrları da öz işlərini müharibənin tələbləri əsasında qurdular. Aktyorlardan bəziləri əllərinə silah alıb döyüş meydanına yollandılar. Qalanlar ayrı-ayrı briqadalara bölünüb cəbhədə döyüşçülər qarşısında, hərbi xəstəxanalarda, çağırış və təşviqat məntəqələrində, kolxoz və sovxozlarda çıxış edərək zəhmətkeşləri vətənpərvərliyə, yeni-yeni əmək igidliklərinə ruhlandırırdılar. Teatrların hazırladıqları təbliğat xarakterli səhnəciklərdə və kompozisiyalarda cəsur, vətənpərvər adamlar təsvir olunur, onların fikir və arzuları öz əksini tapırdı.

Bu vaxt müharibə mövzulu əsərlərə böyük ehtiyac var idi. Nəhayət, teatr Zeynal Xəlilin «İntiqam», Məmmədhüseyn Təhmasibin «Aslan yatağı», Mirzə İbrahimovun «Məhəbbət», Rəsul Rzanın «Vəfa», İlyas Əfəndiyevin Mehdi Hüseynlə birgə yazdıqları «İntizar» pyesləri oynanıldı.

İslam Səfərli («Yol ayrıcında», «Ana ürəyi»), Şıxəli Qurbanov («Əcəb işə düşdük, «Sensiz»), Bəxtiyar Vahabzadə («İkinci səs», «Yağışdan sonra», «Yollara iz düşür», «Kimdir haqlı», «Fəryad»), Nəbi Xəzri («Sen yanmasan», «Əks-səda», «Mirzə Şəfi Vazeh», «Mənsiz dünya», «Torpağa sancılan qılınc»), Anar («Şəhərin yay günləri», «Adamın adamı», «Səhra yuxuları», «Sizi deyib gəlmişəm», «Təhminə və Zaur»), Rüstəm İbrahimbəyov («İstintaq», «Biganələr oteli»), Maqsud İbrahimbəyov («Ümid», «Kərgadan buynuzu»), Nəriman Həsənzadə («Atabəylər», «Pompeyin Qafqaza yürüşü»), Əkrəm Əylislinin («Quşu uçan budaqlar», «Yastı təpə»), eləcə də daha sonralar bir dramaturq kimi, teatra qədəm qoyan Rafiq Səməndər («Günəbaxanlar»), Seyran Səxavət («Qızıl teşt»), Vaqif Səmədoğlu («Yayda qar-topu oyunu»), Arif Süleymanov («Fırtınadan əvvəl»), Rəhman Əlizadə («Günah»), Kərim Kərimov («Çahargah fantaziyası»), Xalid Əlimirzəyev («Səadət sorağında»), Qeybulla Rəsulov («Qarabağ əfsanəsi», «Söz yarası»), Kamal Abdulla («.Hərdən mənə mələk də deyirlər», «Cəsus»), Eldar Baxış («Qədr gecəsi), Nahid Hacızadə («Məhəbbət yaşayır», «Qisas qiyamətə qalmaz»), Əli Əmirli («Ağ qoyunlular, qara qoyunlular»), M.Haqverdiyev («Qısqanc ürəklər») teatrın repertuarına mövzu və janr rəngarəngliyi gətirdilər.

Görkəmli nasir, publisist, ədəbiyyatşünas alim, ictimai xadim kimi tanınan Elçinin bir dramaturq kimi teatrla əlaqəsi bir çox baxımdan əhəmiyyətli oldu. Onun həm ideya-siyasi, həm də bədii estetik cəhətdən güclü təsirə malik olan «Ah, Paris, Paris!..», «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», «Diaqnoz «D» əsərlərinin tamaşaları teatra yeni nəfəs gətirdi, estetik keyfiyyətlər aşıladı.

Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılınc» və «Dar ağacı», Nəbi Xəzrinin «Burla Xatun», Hidayət Orucovun «Bu dünyanın adamları» əsərləri də teatrın müvəffəqiyyətli işləri sırasına daxil oldu.

Vaxtilə Azərbaycan teatrlarında səmərəli fəaliyyət göstərmiş, artıq dünyasını dəyişmiş Yusif Yulduz, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, İbrahim Həmzəyev, Baxşı Qələndərli, Ələsgər Şərifov, Zəfər Nemətov, Əli-heydər Ələkbərov, Nəsir Sadıqzadə, Vəli Babayev, Yusif Bağırov, Kərim Həsənov, Hüseyn Sultanov, Həsən Əbluc kimi rejissorlardan əlavə indi respublikamızın teatrlarında Ağakişi Kazımov, Azər Nemətov, Hüseynağa Atakişiyev, Mərahim Fərzəlibəyov, Lütfi MəmmədbəySəlimova, Bəhram Osmanov, Vaqif Əsədov və digər rejissorlar fəaliyyət göstərirlər. 

Azərbaycan teatrlarında müxtəlif dövrlərdə, bədii tərtibat sahəsində çalışan Rüstəm Mustafayevin, İsmayıl Axundovun, Nüsrət Fətullayevin, Bədurə Əfqanlının, Sadıq Şərifzadənin, Tahir Salahovun, Elçin Məmmədovun, Tahir Tahirovun, Altay Seyidovun və b. böyük xidmətləri olmuşdur.

Azərbaycan teatrı, yarandığı ilk gündən, bütün dövrlərdə istedadlı aktyorlara malik olmuşdur. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Əbülfət Vəli, Məhəmməd Əlvəndi, Mir Mahmud Kazımovski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Abbas Mirzə Şərifzadə, Rza Təhmasib, Kazım Ziya, Əbülhəsən Anaplı, Rza Darablı, Mərziyə Davudova, Mirseyfəddin Kirmanşahlı, Əzizə Məmmədova, Mustafa Mərdanov, Möhsün Sənani, Sona Hacıyeva, İsmayıl Hidayətzadə, sonralar Əli Qurbanov, Ələsgər Ələkbərov, İsmayıl Dağıstanlı, Hökümə Qurbanova, Fatma Qədri, Leyla Bədirbəyli, Sofa Bəsirzadə, Həsənağa Salayev, Əjdər Sultanov, daha sonralar Həsən Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Lütfi Məmmədbəyov, Əliabbas Qədirov, Mikayıl Mirzə, Kamal Xudaverdiyev, Hamlet Xanızadə, Səməndər Rzayev, Fuad Poladov, Hamlet Qurbanov, Yaşar Nuriyev, Bəsti Cəfərova, Zemfira Nərimanova, Nurəddin Quliyev, Telman Adıgözəlov, İlham Əsgərov, Firəngiz Mütəllimova, Ramiz Novruzov və digər aktyorlar teatrlarımızda əhəmiyyətli yaradıcılıq işləri aparmışlar.

1906-cı ildən başlayaraq Azərbaycan teatrının ən qüvvətli aktyorları Azərbaycanın ərazisində, Zaqafqaziyanın və Orta Asiyanın bir sıra şəhərlərində, eləcə də Cənubi Azərbaycanda və İranda qastrol səfərlərində olmuş, getdikləri yerlərdə teatr həvəskarlarına mənəvi kömək göstərmiş, yerli truppanı təşkilati cəhətdən möhkəmləndirməyə səy etmişlər. 70 il hökm sürən keçmiş SSRİ zamanı Azərbaycan teatrı yalnız SSRİ məkanında - Moskvada, Leninqradda, Minskdə, Kiyevdə, Tiflisdə, İrəvanda, Daşkənddə və s. yerlərdə qastrol səfərlərində olmuşdur. 1919-cu ildə Tiflis Azərbaycan teatrının Türkiyəyə qastrolundan 71 il sonra Azərbaycan Dövlət Akademik Dram teatrı mütəşəkkil şəkildə Türkiyəyə qastrola getdi. Görkəmli dramaturq İlyas Əfəndiyevin «Bizim qəribə taleyimiz» və «Sevgililərin cəhənnəmdə vüsalı» əsərlərinin tamaşalarını göstərdi. 1998-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrı ikinci dəfə Türkiyəyə qastrola gedib. İ. Əfəndiyevin «Hökmdar və qızı», Elçinin «Mənim sevimli dəlim» və Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılınc» əsərlərinin tamaşalarını göstərdi. Teatrın 1992-ci ildə Almaniyadakı qastrolu da müvəffəqiyyətlə keçmişdir. Bundan əlavə Bakı Pantomim teatrı, Gəncə Dövlət Kukla teatrı, Bakı Bələdiyyə teatrı dəfələrlə Türkiyədə qastrolda olmuşlar. Eyni zamanda, Türkiyə teatrlarının Azərbaycana qastrolları Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsinə əsaslı imkan yaratmışdır.

HİSSƏ 1 | HİSSƏ 2


   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center