Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


§ Bayraq 

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını lakonik, obrazlı və bədii dildə ifadə edən mühüm amillərdəndir. Hələ qədim zamanlardan başlayaraq bütün dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri – simvol və rəmzləri olmuşdur. Bunlar müxtəlif emblem, bayraq, gerb, medal və sairdən ibarət olmuşdur. Azərbaycanın dövlətçiliyi təşəkkül tapdıqdan sonra onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərinin təxirə salınmadan yaradılması tədbirlərinə əl atmışlar. Bu tədbirlər sırasında ilk növbədə gözəl təsvirli və çoxmənalı bayrağın qəbul edilməsini xüsusilə qeyd etmək lazımdır. Dövlətin mühüm atributlarından sayılan himnin və gerbin layihələri də hazırlanmış, lakin rus işğalçılarının ölkəyə müdaxiləsi üzündən təsdiq edilməsinə imkan olmamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmışdır. Arxivlərdə təxminən yüzədək müxtəlif medal eskizləri qorunub saxlanılır. Lakin bir çox sənədlər sovet hakimiyyəti illərində məhv edildiyindən dövlət rəmzləri və atributları haqqında məlumatlar dolayı mənbələrdən əldə edilir.

daha ətraflı

§ Gerb

Azərbaycan Respublikasının Dövlət gerbi bütün dövlət orqanlarının möhürlərində, Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında, dövlət orqanlarının sənədlərinin blanklarında, kağız və metal pul nişanlarında, qiymətli kağızlarda, dövlət istiqraz vərəqələrində, Azərbaycan Respublikası vətəndaşının pasportunda, Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində, Dövlət sərhəd nişanlarında təsvir olunan fərqləndirici nişanıdır. Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində dövlət gerbi haqqında qərar qəbul edilməmişdir.

daha ətraflı


§ Himn

28 may 1918-ci ildə Azərbaycanın istiqlaliyyəti elan olunduqdan və Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin yaradılması və qəbul edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdi. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin və dövlət gerbinin hazırlanması haqqında qərar qəbul etmiş və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilmişdi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan verməmişdi. 1992-ci il mayın 27-də Milli Məclis "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etmişdir. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edilmişdir.

daha ətraflı


   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center