Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




 

20 illik yeni tarix ümidlər ortaya qoyur

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 93 il ötəcək. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq ölkədə çox böyük işlər görüldü. ADR hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar qəbul edildi. Həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul olundu. Bu dövrdən etibarən ordu quruculuğu istiqamətində müəyyən addımların atılmasına başlanıldı. Amma erməni işğalçılarının Azərbaycan torpaqlarını işğal etməsi, intensiv hərbi əməliyyatlar, daxili siyasi çəkişmələr təkmil hərbi islahatların aparılmasına problemlər yaradırdı.

Buna baxmayaraq hərbi islahatların həyata keçirilməsi istiqamətində ciddi addımların atılması mümkün oldu. 1993-cü ildən etibarən yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələrin ləğv edilməsi, vahid komandanlıq sistemində təşkil olunan nizami ordunun yaradılması proses davam etdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi.

Varislik prinsipi əsas tutularaq prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi, 16 avqust 2000-ci il tarixli sərəncamı ilə isə 18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Ordu üçün milli kadrlar

Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi. Əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. 1999-cu il yanvarın 20-də isə Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalandı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi.

Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin də ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu var. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə və digər ölkələrə göndərildi. Eyni zamanda Azərbaycan hərbçiləri NATO-nun «Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq «Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı» çərçivəsində inkişaf edir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.

Son 16-17 ildə Azərbaycanda aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Silahlı Qüvvələrini təşkil edən Müdafiə Nazirliyi, Dövlət Xüsusi Mühafizə Xidmətinin, DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri hazırda özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir.

Hərbi Dəniz Qüvvələri

Azərbaycan HDQ Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə ikinci hərbi donanma sayılır. Keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilib. Hazırda Azərbaycanın HDQ-nin şəxsi heyətinin sayı 3000 nəfər göstərilir.

HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, HDQ-yə yardımçı gəmilər dəstəsi, həmçinin dəniz piyada taburu və xüsusi təyinatlı diversiya - kəşfiyyat mərkəzi daxildir.

Azərbaycan HDQ-nin balansına 159A layihəli «Bakılı» keşikçi gəmisi, 10410 layihəsi əsasında inşa olunmuş qayıqəleyhinə artilleriya kateri, qayıqəleyhinə «Araz» kateri (Türkiyədə 1969-cu ildə qurulub, keçmiş AV-34), 205U layihəli raket kateri (keçmiş R-173), 205P tipli 3 kater, 1388R (KRX-1) layihəli keşikçi gəmiləri, 1400M «sərhədçi» layihəli kater, HDQ-nin minatufan qüvvələrinin balansına 3 ədəd 12650 layihəli əsas tufan (keçmiş BT-16, BT-103, BT-155) və 2 ədəd 1258 layihəli reyd gəmiləri (keçmiş RT-136 və RT-473), amfibiya qüvvələri qrupuna 3 ədəd Polşa istehsalı (771A-D-431 layihəli keçmiş MDK-107, 770T və 770MA layihəli keçmiş MDK-37 və MDK-687) və 2 ədəd 106 və 106L layihəli gəmi, 1785 layihəli desant kateri (keçmiş D-603) daxildir.

Azərbaycan HDQ-nin yardımçı donanması 20-dən artıq müxtəlif gəmilərdən ibarətdir. Onlar arasında 10470 layihəli tanker, 1844 layihəli kiçik baza tankeri, 871 və 872 layihəli 2 ədəd kiçik hidroqrafik gəmi (Polşa istehsalı), 1893 layihəli 2 ədəd yanğınəleyhinə (PJS551 və PJS-552) gəmi də var. Yardımçı donanmaya 364 layihəli (keçmiş PJK-12 və PJK-179) 2 ədəd yanğınəleyhinə kater, 1172 layihəli kiçik kabel gəmisi (keçmiş «Emba», Finlandiya istehsalı) və SK-620 layihəli sanitar-hospital kateri (12 yerlik lazaret, Polşa layihəsi) də daxildir.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadası da mövcuddur. Bu briqadaya ABŞ-ın Sərhəd Mühafizəsi 2001-ci ildə S-201 patrul kateri («S» seriyalı «Point Brower»), 48 futluq «Silver Shir» tipli 3 patrul kateri bağışlayıb.

Dövlət Sərhəd Xidməti

«Azərbaycan Respublikası Dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı» çərçivəsində ötən il Dövlət Sərhəd Xidmətinin (DSX) maddi-texniki bazası daha da gücləndrilib. Naxçıvan Sərhəd Diviziyasında 2 sərhəd zastavası, Göytəpə Sərhəd Dəstəsində 4 mənzilli yaşayış binası, Zaqatala Sərhəd Dəstəsində 3 zastava kompleksi, Sahil Mühafizə bazası, Şimal DRES Sahil məntəqəsi, Hərbi Hospitalda kopyüter tomoqrafiyası binası, Şüvəlan qəsəbəsində hərbi hissə, DSX Akademiyasının «Sitalçay» Təlim-Tədris Mərkəzi, «Sərhədçi» istirahət mərkəzində 2 mərtəbəli məişət kompleksi istifadəyə verilib.

Ötən bir ildə DSX tərəfindən 13 adda müxtəlif markalı avtotexnika alınıb, 3 ədəd BTR-70 markalı zirehli transportyor modernləşdirilib, 369 ədəd müxtəlif markalı texnika təmir olunub. DSX Aviasiya Dəstəsinin AN-2 tipli təyyarələrinin əsaslı təmiri aparılıb, aviasiya texnikalarına xidmət göstərilməsi üçün müxtəlif avadanlıqlar və ehtiyat hissələr alınıb. Helikopterlər üçün 3 enmə meydançası düzəldilib, sərhəddə 7 ədəd «Kristall-M» tipli işarəverici qurğu quraşdırılıb.

Sərhəd qoşunlarının yaranma tarixi də Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. 2002-ci il iyul ayının 31-də isə prezident Heydər Əliyevin imzaladığı sərəncamla sərhəd qoşunları müstəqil qurum- Sərhəd Xidməti kimi fəaliyyə başlayıb. 7 ölkə ilə mövcud 3 min kilometrdən artıq sərhədi qoruyan Dövlət Sərhəd Xidmətinin qısa müddət ərzində onlarla zastavası açılıb, dəniz hüdudlarının qorunması üçün lazımi texnika alınıb.

Qeyd edək ki, Azərbaycan respublikasının ərazisi - 86,6 min kvadrat kilometirdir. Sərhədlərinin ümumi uzunluğu isə 3471 kilometrdir. Bunun 825 kilometri su sərhədidir. Cənubdan İranla 756 kilometr, Türkiyə ilə 13 kilometr, Şimaldan Rusiya ilə 390 kilometr, şimali-qərbdən Gürcüstan ilə 480 kilometr, qərbdən Ermənistan ilə 1007 kilometr həmsərhəddir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 1988-1994-cü illərdə işğal olunmuş əraziləri - 13 min 210 kvadrat kilometr, Dağlıq Qarabağın sahəsi 4400 kvadrat kilometr təşkil edir. Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də Ermənistanın tam nəzarəti altındadır.

DSX - NATO münasibətləri 2001-ci ildən etibarən Sərhəd Qoşunlarının NATO standartlarına uyğunlaşdırılması məqsədi ilə sistemli şəkildə inkişaf etdirilib. DSX-nin təklifi ilə perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə bir qrup NATO mütəxəssisi Azərbaycan Respublikasına dəvət olunmuş və əməkdaşlıq proqramı üzrə işçi sənədlərin hazırlanmasına başlanılmışdır.

2004-cü ildə DSX üzərinə 5 tərəfdaşlıq məqsədi götürərək Əməkdaşlığın Planlaşdırma və Analiz Prosesinə qoşulmuş, növbəti ildə isə öhdəliklərinin sayını 6-ya çatdırmışdır. Hazırda aşağıdakı tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi üzrə DSX bütün səylərini səfərbər edib:

- ingilis dilinin öyrənilməsi və təkmilləşdirilməsi,

- tədris sisteminin müasir tələblərə uyğunlaşdırılması,

- rabitə və kommunikasiya sistemlərinin təkmilləşdirilməsi,

- sərhəd mühafizəsinin texniki təminatının yaxşılaşdırılması,

- hərbi qurumdan hüquq-mühafizə orqanına (HMO) keçməklə bağlı islahatların aparılması,

- dəniz təhlükəsizliyi.

Digər nazirlik və qurumlarla yanaşı, Alyans və DSX arasında əməkdaşlığın çərçivəsini müəyyən edən FTƏP-ə əsasən qanunvericilik bazasını beynəlxalq normalara uyğunlaşdırmaq, nəzarət və operativ müdaxilə imkanlarını təkmilləşdirmək, əməliyyat - axtarış və istintaq-təhqiqat fəaliyyətini genişləndirmək, müqaviləli heyətin say tərkibini artırmaqla islahatlar yolu ilə 2015-ci ilin sonunadək DSX-nin hərbi strukturdan hüquq-mühafizə qurumuna keçirilməsi nəzərdə tutulur.

FTƏP üzrə götürülmüş öhdəliklərin icrasına president İlham Əliyev tərəfindən təsdiq edilmiş "2006-2010-cu illərdə sərhəd mühafizəsi sisteminin texniki inkişafına dair Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi və digər ölkələrin sərhəd qurumları, müxtəlif beynəlxalq təşkilatlarla yaradılmış iki və çoxtərəfli əlaqələr müsbət təsir göstərir. Hazırda (dəniz sərhədlərinin mühafizəsi, havadan nəzarətin təşkili, çevik hərəkət qruplarının inkişafı, sərhəd nəzarəti, təlim-tədrisin təkmilləşməsi və s.) bir neçə sahə üzrə ABŞ, Avstriya, Almaniya, Finlandiya, Türkiyə, Latviya, Litva, Polşa, Bolqarıstan, Macarıstan və digər ölkələrin sərhəd qurumları ilə faydalı əməkdaşlıq edilir.

NATO ilə əməkdaşlıq çərçivəsində DSX hərbi hissə və qurumlarının ştat-strukturunda edilmiş dəyişikliklər nəticəsində müqaviləli heyətin artırılmasını, SNM və gəmilərdə yalnız zabit və gizir heyəti ilə komplektləşdirmə sisteminə keçməni, Sərhəd Aviasiyasının yaradılmasını, DSX Akademiyasının təsis edilməsini, BMqT və AB-nin dəstəyi ilə Mərkəzi Aparatda müasir texniki avadanlıqlarla təchiz olunmuş təlim-tədris mərkəzinin yaradılmasını, çoxpilləli tədris sisteminə keçidlə bağlı yeni tədris proqramlarının hazırlanmasını, dənizdə texniki müşahidə qabiliyyətinin artırılmasını, o cümlədən ən müasir tələblərə cavab verən yeni SM bazası və cənub katerlər divizionunun fəaliyyətə başlamasını, 500-dən artıq nəqliyyat vasitələrinin alınmasını, postsovet məkanında ilk dəfə sərhəd buraxılış məntəqələrində miqrasiya proseslərində iştirak edən dövlət orqanlarını cəmləşdirən və sərhəddə miqrasiya proseslərinin səmərəli nəzarətinə imkan verən İdarələrarası AMAS-ın yaradılmasını, mərkəz və regional qərargahlar arasında online rejimində məlumat mübadiləsi imkanlarının əldə edilməsini və bir sıra digər işləri qeyd etmək olar.

Təəccüblü deyil ki, Əfqanıstan, İraq sərhədçilərinin təlim-tədrisində köməkliyin göstərilməsi ilə bağlı NATO tərəfi məhz Azərbaycan Respublikasına müraciət edib. Bu kimi müraciətlər artıq Özbəkistan, Qırğızıstan və Türkmənistanın sərhəd qurumları tərəfindən də edilib. DSX Akademiyasının yaradılması sərhəd təhlükəsizliyi üzrə təlim-tədris sahəsində DSX-nin regional mərkəzə çevrilməsi imkanlarını artırıb.

Daxili Qoşunlar

12 mart 1992-ci il tarixi DQ üçün çox əzizdir. Məhz həmin vaxt Daxili Qoşunların 99713, 16075 saylı hərbi hissələri erməni işğalçıları ilə döyüşə başlamış, ərazi bütövlüyümüz uğrunda Ağdam rayonunun Papravənd və Qalayçılar kəndlərində vuruşmuşlar. Məhz həmin döyüş günü prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə rəmzi olaraq Daxili Qoşunların ad günü kimi müəyyən edilib. Tarixi məlumatlar Azərbaycanda Daxili Qoşunların ilk bölmələrinin 1919-cu ildə Azərbaycan Demokratik Respublikası dövründə yaradıldığını təsdiqləyir.

Belə ki, ADR-in yeni təşəkkül tapdığı bir dövrdə əhalini hərbi işlə tanış etmək, şəhərdə sabitlik və nizam-intizamın saxlanması məqsədilə ADR parlamentinin icazəsi ilə 1919-cu il 1 iyun tarixindən könüllü əsgərlər dəstəsi yaradılıb. Bu barədə Bakı şəhərinin komendantı general-mayor F.Vəzirovun 7 sentyabr 1919-cu il tarixli məlumatında bildirilib.

Dəstə Bakı şəhərinin Sabunçu, Mərkəzi, Balaxanı, Zabrat, Suraxanı, Xil, Aşağı Bibiheybət, Yuxarı Bibiheybət, Qara şəhər, Tağıyev fabriki, Binəqədi, Maştağa, Nardaranı əhatə edirdi. Dəstənin rəisi vəzifəsinə Yusif Ziya bəy Talıbzadə təyin edilmişdi.

1919-cu il iyunun 10-da ADR Dövlət Müdafiə Komitəsinin iclasında qərara alınmışdı ki, Bakı şəhəri və onun rayonlarının ərazisində yaşayan hərbi çağırış yaşına çatmış şəxslər üçün hərbi hazırlıq təşkil edilsin. Könüllü dəstələrin təşkili üzrə komissiyanın sədri vəzifəsinə də Yusif Ziya bəy Talıbzadə təyin edilmişdi.

1920-ci il martın 27-də yenə də ADR Dövlət Müdafiə Komitəsinin qərarı əsasında Bakı təşkilatının "Yardım alayı"nın könüllü dəstələri ADR Daxili İşlər Nazirliyinin sərəncamına verilib.

1991-ci ilin dekabr ayında isə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxıldı və ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Elə həmin ildə Biləcəridəki hərbi hissənin bazasında Azərbaycanın Daxili Qoşunları yaradıldı. O zaman Daxili Qoşunların DİN-in müstəqil struktur hissəsi kimi yaranması və formalaşması Azərbaycanın çox çətin, qarışıq bir dövrünə təsadüf etdi.

Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların ilk alayının şəxsi heyətinin cəsarəti və qəhrəmanlığı ilə azad edilib və müdafiə olunub.

1994-cü ilin mayında Azərbaycan və Ermənistan arasında əldə edilmiş atəşkəsdən sonra Daxili Qoşunların həyatında ikinci mərhələ - formalaşma və inkişaf, quruculuq dövrü başlandı. O zaman Daxili Qoşunların üzərinə böyük məsuliyyət düşürdü. Respublikada sabitliyin keşiyində dayanaraq, dövlət əhəmiyyətli obyektləri mühafizə etmək, qanunsuz saxlanılan silahları toplamaq, dövlətə qarşı xəyanətdə təqsirləndirilənləri zərərsizləşdirib müvafiq orqanlara təhvil vermək, müxtəlif təxribatların qarşısını almaq, bir sözlə, hər bir vətəndaşın əmin-amanlığını qorumaq qoşunların əsas vəzifələri idi. Döyüş xidmətinin tamlığının və keyfiyyətinin şəxsi heyətin təlim və təcrübəsindən əsaslı surətdə asılı olmasını dərk edərək, təşkilatçılıq fəaliyyətinin, nəzarət mexanizminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, hərbi hissələrin vəziyyətinə idarəçilik təsirinin səviyyəsinin artırılması sahəsində komandanlıq tərəfindən kompleks əməli tədbirlər görülüb.

8 fevral 1994-cü ildə qəbul edilmiş "Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının qanunu Daxili Qoşunların əsas funksiyalarını, vəzifələrini, fəaliyyət prinsiplərini müəyyən etdi, hərbi qulluqçuların hüquqi vəziyyətini nizama saldı.

Bildirək ki, Daxili Qoşunların fəaliyyətini tənzimləyən qanunvericilik müasir standartlara uyğundur. Daxili Qoşunlar rəhbərliyi bu qanunları rəy verilməsi üçün Bakıda fəaliyyət göstərən aparıcı dövlətlərin, o cümlədən ABŞ səfirliyinin nümayəndələrinə təqdim edib.

Bu gün Daxili Qoşunların qarşısında 10 əsas vəzifə durur. Respublikada cinayətkarlığa qarşı mübarizə əməliyyatlarında Daxili Qoşunların əsgər və zabitləri DİN-in müvafiq xidmətləri ilə birgə çox mühüm və vacib dövlət tapşırıqlarını yerinə yetiriblər.

Daxili Qoşunların keçdiyi 17 ilin tarixə yazılan hadisələrindən biri də onun Türkiyə Cümhuriyyəti Jandarm Qüvvələri ilə qarşılıqlı əməkdaşlığıdır. 1996-cı il iyunun 10-da Azərbaycan Respublikası hökuməti və Türkiyə Cümhuriyyəti hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında imzalanmış sazişlərin ilk nümunəsi kimi Daxili Qoşunların 6 hərbi qulluqçusu Türkiyə Jandarm Qüvvələrinin hərbi təhsil məktəbində təhsil almağa göndərildi. 1997-ci il oktyabrın 31-də Türkiyə Cümhuriyyəti hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Azərbaycan DİN Daxili Qoşunlar baş idarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsinin edəcəyi təhsil və təchizat yardımına aid protokol imzalandı. Bu, Daxili Qoşunlarda və Türkiyə Jandarm Qüvvələrində yeni mərhələnin başlanğıcı oldu. Sənəd çərçivəsində Daxili Qoşunlarda zabit və gizirlərin təkmilləşdirmə kursu yaradıldı. Bu günədək 500-dən çox zabit və 400-dən çox gizir bu kursu bitirib.

Ötən müddət ərzində Türkiyə Jandarm Qüvvələri Azərbaycan Daxili Qoşunlarının inkişafı üçün 7 milyon ABŞ dolları həcmində yardım göstərib. Bunun 3,5 milyon dolları Qala Tədris Mərkəzinin tikintisinə və zəruri avadanlıqlarla təchiz edilməsinə xərclənilib.

Daxili Qoşunların zabit və gizirləri eləcə də digər dövlətlərin - Almaniya, Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Misir, Sloveniyanın təlim mərkəzlərində müvafiq kursları bitiriblər. Bütün bunlar Daxili Qoşunların müasir standartlara uyğunlaşmasına xidmət edir.

Bildirək ki, NATO üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələr döyüş aparılması, terrorizmlə mübarizə istiqamətində zəngin təcrübəyə malikdirlər. Bu mübarizə nəticəsində əldə edilən təcrübə Daxili Qoşunların qurulması işinə təkan verir. Çünki terrorizmlə mübarizə hərbi qurumların təşkili, təmin olunması, döyüş əməliyyatlarının istiqaməti, taktiki hərəkətlərin qurulması ilə bağlı müasir təcrübə yaradır. Hazırda Azərbaycan Daxili Qoşunlarının rəhbərliyi bu aparıcı dövlətlərin təcrübəsindən istifadə edərək hərbi qurumların - bölüklərin, taburların təşkilat-ştat strukturunu, döyüş aparılması üsullarını, taktiki hərəkətlərini mənimsəyərək qoşunlara tətbiq edib. İndi Daxili Qoşunlarda döyüş hazırlıq planları NATO standartlarına uyğundur.

Bu gün Daxili Qoşunlar MDB ölkələri ilə də təcrübə mübadiləsi aparır. Daxili Qoşunların zabitləri MDB ölkələrinin bir sıra nümunəvi təlimlərində, yarışmalarında iştirak edirlər. Müşahidələr göstərir ki, bu gün MDB dövlətləri arasında maddi-texniki təminata görə Azərbaycan Daxili Qoşunları birinci cərgədə gedir. Belə ki, bu gün MDB-nin müvafiq qurumları Azərbaycan Daxili Qoşunlarının əsas sənədləri ilə yaxından tanış olmaq istəklərini gizlətmirlər.

Qeyd edək ki, 2004-cü ildə Daxili Qoşunların əsas sənədləri yenidən işlənilib və müasir tələblərə uyğunlaşdırılıb. Bu zaman Avropa Jandarm Qüvvələrini birləşdirən qurumun (FIEP) və aparıcı dövlətlərin təcrübəsindən, sənədlərindən istifadə edilib və nəticədə qoşunların döyüş nizamnaməsi, tətbiqi, döyüş üsulları, döyüş düzülüşü yenidən işlənilib.

Bu gün Daxili Qoşunların kadrlara olan tələbatı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Qala Tədris Mərkəzinin hesabına ödənilir. Qeyd etdiyimiz kimi, Qala Tədris Mərkəzi protokola uyğun olaraq Türkiyə Jandarm Qüvələrinin yardımı ilə tikilib. Burada hazırlıq müxtəlif istiqamətlər üzrə aparılır və təkmilləşdirmə, ixtisas kursları, elmi mərkəz, elmi şura və sairəni özünə daxil edir.

Əslində Azərbaycan Daxili Qoşunlarının kadr təminatı mexanizmi İtaliya, Türkiyə, Almaniya jandarm qüvvələrində olduğu kimi - ali hərbi məktəblərin məzunları hesabına komplektləşdirilir. Ali Hərbi Məktəbin məzunu olaraq Daxili Qoşunlarda xidmətə başlayan zabitlərin bəziləri Qala Tədris Mərkəzində spesifik ixtisaslara uyğunlaşdırılır.

Bu gün Daxili Qoşunların kompüter sistemləri ilə təchizatındakı irəliləyişlər də bacarıqlı və təcrübəli zabitlərə ciddi tələbat yaradır. Bu gün ABŞ, Türkiyə, Fransa və Almaniyadan gələn mütəxəssislər Daxili Qoşunlara bu istiqamətdə yardımçı olurlar. İndi Daxili Qoşunlarda aparıcı dövlətlərin - konkret olaraq Türkiyə və ABŞ mütəxəssisləri ilə sıx təcrübə mübadiləsi aparılır. Bu gün Türkiyə Jandarm Qüvvələrinin bir qrup zabiti hazırda Daxili Qoşunlarda, konkret olaraq Qala Tədris Mərkəzində məsləhətçi kimi xidmət edir. Daxili Qoşunlar rəhbərliyi zəruri məsələlərlə bağlı onlarla məsləhətləşir, onların təcrübə və imkanlarından istifadə edir.

Daxili Qoşunların infrastrukturunun, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması üçün əlavə vəsaitlər ayrılır. Bu gün Daxili Qoşunların bütün hərbi hissələri müasir hərbi texnika və rabitə sistemi ilə təmin olunub. Beləliklə, hazırda Daxili Qoşunlarda dünya standartlarına uyğun islahatlar aparılır, Daxili Qoşunlar texniki və idarəetmə baxımından təkmilləşdirilir.

Bu gün Daxili Qoşunlarda xidmətin təşkilində daha çox əsgərlərin biliyindən, bacarığından istifadə edilir. Artıq əsgərlərə qarşı fərdi yanaşma sistemi tətbiq edilir. Belə ki, əgər sovet dövründə əsgərlərə "komandanı yerinə yetirən robot" şəklində yanaşılırdısa, bu gün əsgərin düşüncəsindən, qabiliyyətindən və bacarığından maksimum istifadə edilməsinə səy göstərilir. Buna əsas da var. Çünki bu gün Daxili Qoşunlarda hərbi xidmət keçən əsgərlərin orta hesabla 50 faizi ali savadlıdır. Bu isə qoşunların idarə edilməsinə müsbət mənada təsirini göstərir.

Bu gün Daxili Qoşunların şəxsi heyətinin üstünlüyü ondadır ki, onlar hansı ərazidə və şəraitdə döyüş aparacaqlarını yaxşı bilirlər. Belə ki, müharibə başlasa, aydındır ki, hücum taktikasına üstünlük veriləcək. Bu səbəbdən Daxili Qoşunlarda döyüş hazırlığı buna uyğun təşkil edilir. Eyni zamanda, hərbi əməliyyatlar bərpa olunan zaman Daxili Qoşunlar bir neçə mühüm məsələni həll etmək gücündədir. Belə ki, Daxili Qoşunların əməliyyat alayları müharibədə iştirak etməyə hazırdırlar. Xüsusi təyinatlı dəstələr isə hücuma keçən ordu üçün müxtəlif vəzifələr yerinə yetirə bilər. Bundan başqa motorlaşdırılmış alaylar hücuma keçən ordunun arxasında komendant xidmətini təşkil edə, ictimai asayişi qoruya, mühüm dövlət obyektlərini, qurumları, yükləri mühafizə edə bilər.

MDB-də ön sırada

Dövlət büdcəsindən Daxili Qoşunlara ayrılan vəsait son illərdə 7-8 dəfə artıb. Beləliklə, bu gün Azərbaycan Daxili Qoşunları təminat, əmək haqları baxımından MDB respublikalarının müvafiq qurumlarından çox üstün hesab edilir.

Ayrılmış vəsait qoşunların maddi-texniki təminatının yüksəldilməsini təmin edir. İndi qoşunlar müasir dünya texnikası ilə təchiz olunub və bu istiqamətdə işlər davam etdirilir. Misal üçün, Daxili Qoşunlara məxsus rabitə avadanlığının 99 faizi İngiltərə və Türkiyə istehsalıdır. Bunlar dünyanın ən keyfiyyətli rabitə texnikasıdır. Azərbaycan zabiti CPS peyk rabitəsinə malikdir.

Daxili Qoşunların xüsusi təyinatlı zabitləri ən müasir və bahalı geyimlərlə - güllə keçirməyən dəbilqə və qalxan, bıçaq kəsməyən maska, silah, radiostansiya, zirehli jilet və digər lazımi avadanlıqla təchiz edilib.

İndi Daxili Qoşunlar Almaniya istehsalı olan xüsusi müasir texnikalara malikdir. Partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə Daxili Qoşunların malik olduğu avadanlıq isə bütünlüklə ABŞ istehsalıdır. Qoşunlara aid qurğu rentgen şüaları ilə uzaq məsafədən hansısa çantanın və ya başqa bir şeyin içindəki partlayıcı maddəni üzə çıxarır, şəklini çəkir və xüsusiyyətlərini müəyyənləşdirir. Aşkar edilmiş partlayıcı qurğunu zərərsizləşdirmə əməliyyatında isə Amerika istehsalı olan xüsusi avadanlıqlardan - su topu və patrondan istifadə edilir. Bu əməliyyat partladıcı maddə işə düşmədən həyata keçirilir.

Hazırda dövlət başçısının göstərişi ilə Daxili Qoşunlarda partlayıcı maddələrin zərərsizləşdirilməsi istiqamətində böyük işlər görülür. Bu istiqamətdə və narkotiklərin aşkar olunması üçün xüsusi itlərin hazırlanması da prioritetdir. Bundan başqa, uzaq məsafədən partlayıcı maddələri zərərsizləşdirə bilən robotların alınması üçün müxtəlif dövlətlərə müraciət edilib.

Yeri gəlmişkən, Azərbaycan Daxili Qoşunlarında istifadə olunan bütün xüsusi vasitələr Avropanın demokratik dövlətlərindən alınıb. Beləliklə, bu vasitələrin istehsalı zamanı bütün demokratik şərtlər nəzərə alınıb.

NATO-nun IPAP sənədinə əsasən, sülhməramlı əməliyyatlarda iştirak məqsədilə Daxili Qoşunlar nəzdində 2008-ci ilin sonunda bir polisə dəstək bölüyü yaradılıb. 2015-ci ildə isə Əməliyyat imkanları Konsepsiyası çərçivəsində bir tabor yaradılması planlaşdırılıb. Bu məqsədlə Daxili Qoşunların ölkədən kənarda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını təmin etmək üçün qanunvericilikdə müvafiq dəyişiklər edilməsi barədə qanun qəbul edilib.

Polisə dəstək bölüyünün hazırlıqlı şəxsi heyətlə komplektləşdirilməsi, lazımi maddi-texniki vasitələrlə təchiz olunması üçün bir çox işlər həyata keçirilib, NATO standartlarına uyğun təlim-tədris proqramları tərtib olunub. Təlimlər zamanı əsas diqqət silahlı cinayətkarların axtarılması və tutulması, ictimai asayişin qorunması, kütləvi iğtişaşların qarşısının alınması, terroristlərin zərərsizləşdirilməsi kimi istiqamətlərin öyrənilməsinə yönəldilir. Polisə dəstək bölüyünün şəxsi heyətinin xarici dilləri bilməsi böyük əhəmiyyət daşıyır. Qoşunların 15 nəfər hərbi qulluqçusu Türkiyə və Sloveniyada ingilis dili kurslarına göndərilib. Sülhməramlı polisə dəstək bölüyü Türkiyə, İsrail, ABŞ, Almaniya və Rusiyada istehsal olunmuş müasir silah, sursat, texnika ilə təmin olunub. Onların istismar qaydalarının öyrənilməsi üzrə praktiki təlimlər keçirilir.

C.SÜMƏRİNLİ
Xüsusi olaraq Azərbaycan Benilüks News qəzeti üçün

 

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center