Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




 

Azərbaycan şərqşünaslarının bir araşdırması yadıma düşdü. Tədqiqatçı alim əlyazmaları araşdırarkən XIX əsrin ortalarına aid və Şimali Azərbaycanda yayılmış bir risaləyə rast gəlib. Risalənin müəllifi hansısa din xadimi idi. Onun adı da yadımda qalmayıb, necə ki, onun adı Rusiya imperiyası tərəfindən yenicə işğal edilmiş Şimali Azərbaycanın o dövrdəki mənbələrində də xatırlanmır.

 Deməli, həmin o dini xadim öz risaləsində Osmanlı-Səfəvi, Osmanlı-Əfşar və daha sonra Osmanlı-Qacar müharibələrində Şimali Azərbaycan əhalisinin üzləşdiyi əziyyətləri, müsibətləri bir-bir sadalayır. Sonda öz dövrünün həmin dini xadimi, yəni ziyalısı belə bir yekun vurur ki, yalnız “əlahəzrət rus imperatorunun qanadı altına sığınmaqla Azərbaycan müsəlmanları” əmin-amanlığa qovuşdular. Risaləni şərh edən müasir tədqiqatçı soydaşımız  düzgün olaraq qeyd edir ki, bu risalə rus müstəmləkə idarəsinin sifarişi ilə yazılmışdı. Anlaq dillə, yəni çağdaş dillə desək, işğalçı rus idarəsinin bir məmuru azərbaycanlılar arasından bir avtoritet tapır və ona ənam, indiki dillə desək, “qrant” verərək azərbaycanlıları rus işğalı ilə barışmağa səsləyən, bu işğalı “Tanrı tərəfdən göndərilmiş yaralara məlhəm” kimi izah edən ideoloji-təşviqat mənalı “risalə” yazmağa razı salır.

Soruşa bilərsiniz ki,  Azərbaycanı işğal etmiş, dövrün qabaqcıl silahlarına, ordusuna və “Qafqaz tatarlarına” (yəni, bizə) qarşı ən qəddar üsullara malik rusların bu “risaləyə” nə ehtiyacı var idi? Deməyin, görünür, ehtiyac var idi. Axı, işğal edilmiş, torpaqlarımıza Qacar və Osmanlı səltənətindən erməniləri köçürən ruslar anlayırdılar ki, yerli “tatarların”, yəni Azərbaycan türklərinin müqaviməti zəiflədilməlidir. Qırğınlar yeni üsyanlar doğuracaq, bu isə, daha çox rus əsgərlərinin itkisi, daha çox hərbi məsrəflər deməkdir. Üstəlik qonşu müsəlman dövlətlər ruslara qarşı “Aderbijan tatarlarının” (o dövrdə rus təbirincə adımız) dayanmayan üsyanlarını, bu üsyanlara qarşı  rusların qəddarlığını görüb Rusiyaya düşmən mövqe tutarlar. Rusiyanın o dövrdəki rəqibi İngiltərə isə bundan yararlanar...

Yerli əhali arasından bu risalədə yazılmış fikirlərə inananlar var idimi? Görünür var idi ki, rus müstəmləkəçi idarəsi bu çeşidli risalələri sifariş edir, onları işğal edilmiş yerli əhali arasında yayırdı...

Yaxşı, bəs bu fikirlərə inanan babalarımız həqiqətənmi rus imperiyasında rifah tapdılar? Məncə yox. Bu “rifah” 1903, 1905 və 1918-ci illərdə rus və daşnak hərbi dəstələri tərəfindən Azərbaycan türklərinin genişmiqyaslı soyqırımı, namus ləkəsi ilə bitdi.

1918-1920-ci illərində Milli Hökumətimiz bu dərslərdən nəticə çıxardı və... Qərbdən dəstək gözlədi. Antanta isə, köhnə müttəfiqi Rusiyanın Qafqazdakı xristian müstəmləkələrinin taleyinə biganə idi, o ki qalmışdı, müsəlman-türklərinin taleyinə can yandırsın. Dövrünün tanınmış ingilis yazıçı-fantastı Herbert Uelsin  Kremldə Leninlə görüşündən sonra yazdığı fikrincə: “Əgər biz (Qərb) rus bolşeviklərini dəstəkləməsək, onda Avroasiyada yenə də köçərilərin (yəni, türklərin) hegemonluğu yaranacaq”.

“Bizim əbədi xoşbəxtliyimiz Rusiya ilə birliyimizdədir. Bu gün Rusiya dünyanın ən qabaqcıl məfkurəsi olan kommunist ideyasının ocağıdır. Rusiya bütün dünyaya göstərdi ki, milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar qardaş kimi yaşaya bilərlər”. 1920-ci ildə deyilmiş bu sözlər artıq Nəriman Nərimanova məxsusdur. Əlbəttə, demək olar ki, N.Nərimanov kommunist ideyasına tam inanırdı. (Doğrudur, Məhəmməd Əmin Rəsulzadə də sonralar yazırdı ki, “Nərimanov qoltuq (vəzifə) xəstəsidir”. Bunu ona görə deyirəm ki, bəlkə Nərimanovun sözləri arxasında da “Kremlin qrantı” dayanırdı?! Kim bilir?). Amma Nərimanov kimilərin bu inamı çox pis nəticələndi, həm özləri üçün, həm də millətimiz üçün... 1933, 1937 repressiyaları, 1940-cı illər İrəvandan soydaşlarımızın deportasiyaları, nəhayət, 1988-ci il soydaşlarımızın əzəli İrəvanımızdan tam qovulması, Qarabağın işğalı, Xocalı soyqırımı...

Bu gün Şimali Azərbaycanda ən populyar ideya “Qərbə inteqrasiyadır”. Bunu çoxları deyir. Çoxları N. Nərimanovun sözlərini təkrar edirlər, amma belə  redaksiya ilə:“bu gün Qərb dünyanın ən qabaqcıl məfkurəsi olan insan hüquqlarının prioritetinin, liberal-demokratiyanın ocağıdır. Qərb bütün dünyaya göstərir ki, milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar qardaş kimi yaşaya bilərlər”. Əlbəttə, ola bilsin ki, bu sözləri xalqımıza deyənlərin Qərbin hansısa bankında pulu yatır və ya bu sözlərə görə hansısa Qərb fondundan qrant alır. Ola bilər... Amma bu fikirlərə səmimi-qəlbdən inananlar da var.

Bu yaxında Cənubi Qafqaza rəsmi səfər etmiş, Avropa Birliyinin, yəni Qərbin aparıcı dövləti Fransanın başçısı  cənab Nikola Sarkozi İrəvanda bildirdi ki, o, Qarabağın ermənilər üçün nə qədər mühüm olduğunu anlayır. Cənab Sarkozi Bakıya səfərində Şəhidlər Xiyabanını da ziyarət etmədi. Axı, həmin o, “Qarabağın əhəmiyyətini bilənlər”  və buna görə də, Azərbaycan torpaqlarını işğal edənlər, 1 milyonadək insanımızın qaçqın olmasına baiskarlar, azyaşlı əsir qızlarımızı zorlamaqdan, azyaşlı oğlan uşaqlarımızı diri-diri doğrayıb, tikələrini küçə itlərinə yemləməkdən həzz alanlar, Xocalı soyqırımını törədənlər inciyə bilərdilər. Bakıda cənab Sarkozi Azərbaycanın ərazi bütövlüyündən, torpaqlarımızın işğallarından, qaçqınlarımızdan heç qımıldanmadı. Güldü, sivişib təyyarəsinə oturdu və “adieu” deyib uçdu. Bu da “insan hüquqlarının prioritetinin, liberal-demokratiyanın ocağı” olan və bəzi bizimkilərin  qovuşmaq istədiyi Qərb!..

Sözün qısası, bəlkə, kiməsə “qovuşmaq” kimi qul xəstəliyindən canımızı qurtaraq? Bəs deyilmi bizə?

Bəlkə, bu misal bizə kömək etdi. 1854-cü ildə yapon sahillərini bombardman etməklə amerikalılar öz qeyri-bərabər ticarət tələblərini irəli sürdülər. Müasir hərbi texnikanın təhdidi ilə ingilis və amerikalılara təslim olmuş Yaponiya formal dövlətə, gerçəkdə müstəmləkəyə çevrildi. Amma 1868-ci ildə hakimiyyətə gəlmiş imperator Mutsuhito bəyan etdi: “Düşmənlərimizin arasındakı nifaqdan yararlanmalıyıq. Bütün dünyada elmi və nə yaxşı varsa hamısını öyrənməliyik ki, daha uduzmayaq”. Bu tezis o dövrdən bu günədək Qərbə, Rusiyaya “inteqrasiya” etməmiş Yaponiyanın milli sloqanıdır.

Pərviz Elay

 

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center