Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player




Tehranın ikili standartları barədə bir daha

İran PKK terror təşkilatının ikinci mühüm adamı Murad Karailanı tutsa da, sonra buraxıbmış. Türkiyə mətbuatı yazıb ki, bir qrup PKK-çı ilə Güney Azərbaycanın Urmiya şəhərinə (!) gətirilən Karailan terror təşkilatı ilə aparılan “alış-veriş”dən (?) sonra buraxılıb.

Xatırladaq ki, İran mediası ötən ay Karailanın həbsi barədə xəbər yaymışdı. Ardınca ölkə parlamentinin Xarici Siyasət və Beynəlxalq Təhlükəsizlik Komissiyasının rəhbəri Ələddin Burucerdi məlumatı təsdiqləmiş, lakin bir gün sonra belə məlumat vermədiyini, sadəcə, “Karailanın tutulmalı olduğu” dediyini iddia eləmişdi. Bu xəbərdən sonra ROJ TV (Avropadan yayımlanan, terrorçu təşkilata məxsus telekanal -Z.S.) Karailandan müsahibə aldı və onun azadlıqda olduğu təsdiqləndi. Maraqlıdır ki, Karailanın yerinin koordinatları İrana Türkiyə MİT-i tərəfindən verilib. Terrorçu toplantıların birində yaxalanıb və Urmiya şəhərinə aparılıb. Sonrası bəllidir. Rəsmi Ankaranın Türkiyə mediasının yazdığına reaksiyası isə hələlik belədir: baş nazirin müavini Bülənd Arınc xəbərin doğru olmadığını deyib. Daxili işlər naziri İdris Şahin isə “vaxtı gələndə açıqlayacağıq” deməklə kifayətlənib. İstisna deyil ki, rəsmi Ankara həssas bir mərhələdə İranı izafi qıcıqlandırmaq istəmir. O İran ki, neçə vaxtdır onun siyasi-dini rəhbərliyi qardaş ölkəni öz ərazisində NATO radar sistemlərinin quraşdırılmasına razılıq verdiyi üçün az qala hər gün müsəlman dünyasına xəyanətdə suçlayır. Bəs müsəlman Türkiyə üçün ən təhlükəli terrorçulardan sayılan Krailanı açıb buraxmaq necə, xəyanət deyil? Yaxud “xristian dünyasının ərköyün balası”, “Fransanın kiçik bacısı”, Rusiyanın isə “forpostu” və uzantısı olan işğalçı Ermənistana illərdir hər cür kömək edib işğalın ömrünü uzatmaq, dindaş Azərbaycan xalqını incitməyin adı nədir görəsən - İslam dünyasına sədaqət, yoxsa xəyanət? Dürüst, yoxsa ikili-üçlü standart siyasəti? İslam amilindən siyasi spekulyasiya məqsədilə yararlanan İran rejimi, nəhayət, güzgüdə özünə nəzər salacaqmı? Tehran hökumətinin strateji hədəfləri ciddiyə alınarsa, əslində bu siyasət tam anlaşılandır. O cümlədən Karailanın Güney Azərbaycanın inqilabçı şəhərlərindən birinə gətirilməsi izah ediləndir. Məsələ ondadır ki, indiki İran rejimi daxildə milli oyanış hərəkatlarını yatırtmaq, bələkdə boğmaq üçün etnik kartdan gen-bol istifadə edir. Kürdü türkə, türkü ərəbə, ərəbi bəluca qarşı qoymaqla, süni assimilyasiya və miqrasiya siyasəti aparıb etnik bölgələrin əhalisini qarışdırmaqla, milli ərazilərin iqtisadi inkişaflına laqeyd qalmaqla azadlıq istəyən xalqların diqqətini əsas hədəfdən yayındırmağa çalışır. Urmu gölü ilə bağlı siyasət də eyni strategiyanın tərkib hissəsidir. Arsenalda PKK kartı da var. Hərçənd terrorçu hörgüt İranın özünə də təhlükə və təhdid hesab edilir, Tehran hətta bu kartdan da Güneydəki milli-azadlıq hərəkatını və Türkiyəni zəiflətmək üçün yararlandığı ortadadır. Müsəlman qardaşlığından və dindaşlıqdan dəm vura-vura beləcə ikili, üçlü oyun oynayır. Türkiyəyə belə xüsusi, qeyri-dost münasibətin isə tarixi kökləri var. Əvvəla, İranla Türkiyə bölgədə gizli-açıq rəqiblərdir. PKK-ya, Karailana, Türkiyəni zəiflədib parçalamağa çalışan terrorçu hörgütə Tehranın mübhəm loyallığı ən əvvəl buradan qaynaqlanır. Çünki cənub qonşumuz da regionun supergücü olmaq iddiasındadır. Sözsüz ki, söhbət həm də fərqli dəyərlərə tapınmaqdan və məzhəb fərqliliyindən getməlidir. Bəllidir ki, İran təməl insan haqlarının buxovlandığı ölkədir. NATO üzvü olan demokratik Türkiyə isə müsəlman Şərqi üçün, İran üçün həmişə nümunəvi, modern İslam dövləti rolundadır və regionda nüfuzunu ilbəil artırır. O səbəbə İran qardaş ölkəyə münasibətdə həmişə ehtiyatlı mövqedədir. “Ərəb baharı”ından və müttəfiqi Bəşər Əsədin vəziyyətinin ağırlaşmasından sonra əl-ayağı Yaxın və Orta Şərqdən xeyli yığışan Tehran rejimi Türkiyəyə qarşı indi daha qısqanc, daha aqressiv görünür. Ancaq İranın qorxub qorxutmağı da, narahatlığı da tam təbii və məntiqlidir.

Zahid SƏFƏROĞLU

zsafaroglu@gmail.com

 
 
 

   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center