Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


XIX əsrin əvvəllərində Rusiyaya birləşdirildikdən sonra Şimali Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşəddil) bölünmüşdü. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində isə Rusiya çarı I Nikolayın fərmanı ilə 21 mart 1828-ci ildə “Erməni vilayəti” yaradılmışdı. 1840-cı ildə ”Erməni vilayəti” buraxılmış, əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmeretin quberniyasının tərkibinə daxil edilmişdi. 1 yanvar 1841-ci ildən Zaqafqaziyada inzibati islahat qanununa (10.04.1840) müvafiq olaraq bu bölgələr Gürcü – İmeretin quberniyasına (mərkəzi-Tiflis) və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Şəki (Nuxa), Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Qazax və Şəmşəddil qəzaları daxil olmaqla), Balakən (keçmiş Car-Balakən dairəsi) və Naxçıvan (Ordubad dairəsi ilə birlikdə) torpaqları Gürcü-İmeretin quberniyasının tərkibinə daxil edilmişdi. 
1846-cı ildə Zaqafqaziya Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Şamaxı quberniyası Şamaxı, Şuşa, Şəki, Bakı və Lənkəran qəzalarından ibarət idi. Quba qəzası Dərbənd quberniyasının tərkibinə daxil oldu, Yelizavetpol qəzası isə Tiflis quberniyasında qaldı. Car-Balakən yenidən ayrı dairə kimi yarandı. 1849-cu ildə İrəvan, Aleksandropol(keçmiş Gümrü), Naxçıvan,Ordubad və Novo-Bayazet(Göyçə gölü hövzəsi) qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq (1859) bu quberniyanın mərkəzi Bakıya köçürüldü və o, "Bakı quberniyası" adlandırıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil edildi. Car-Balakən dairəsi Zaqatala dairəsinə çevrildi. 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Yelizavetpol quberniyasına Qazax, Şəki (Nuxa), Şuşa, Zəngəzur qəzaları daxil idi. Bakı quberniyasına 6 qəza (Bakı, Quba, Lənkəran, Şamaxı, Göyçay və Cavad) daxil idi. 
1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası yaradıldı. 1874-cü ildə Şəki (Nuxa) qəzasının cənub hissəsindən Ərəş qəzası ayrıldı. 1 iyul 1883-cü ildə Cəbrayıl və Cavanşir qəzaları yaradıldı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Bakı, Gəncə (ruslar onun adını dəyişib "Yelizavetpol" qoymuşdular. 10 avqust 1918-ci ildə Gəncənin adı yenidən özünə qaytarıldı) və Zaqatala dairəsinə bölündü. Bununla birlikdə, Gəncə quberniyasının tərkibində müvəqqəti Qarabağ general-qubernatorluğu yaradıldı. Onun tərkibinə Şuşa, Cavanşir, Zəngəzur və Qaryagin 30 avqust 1918-ci ildən Cəbrayıl qəzaları daxil oldu. Bakı quberniyasına Bakı, Göyçay, Cavad, Quba, Lənkəran, Şamaxı qəzaları, Gəncə quberniyasına Ərəş, Gəncə, Qazax, Şəki (Nuxa) qəzaları daxil edildi. Zaqatala dairəsində qəza bölgüsü yox idi. Ona Car, Balakən, Əliabad, Muxax, Almalı, Qax sahələri daxil idi. 1919-cu ildə Qazax qəzasından Tovuz qəzası ayrıldı, cənub-qərbdə isə Qubadlı qəzası yaradıldı. 22 aprel
1920-ci ildə Gəncə qəzasından Şamxor qəzası ayrıldı. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı və Gəncə quberniyaları ləğv edildi, Zaqatala dairəsi Zaqatala qəzasına çevrildi. Ərəş və Cavad qəzaları "Ağdaş" və "Salyan" adlandırıldı. 
1921-ci ildə Azərbaycan SSR-də 17 qəza (Ağdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Şəki (Nuxa), Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) vardı, 1922 - ci ildə Zəngəzur qəzası ləğv edildi və Qubadlı, Cavanşir və Şamxor qəzaları yaradıldı. Naxçıvan vilayətində Şərur-Dərələyəz və Naxçıvan qəzaları təşkil edildi. 
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Cavanşir, Qubadlı, Şuşa və Tovuz qəzaları ləğv edildi, yeni Ağdam və Kürdüstan qəzaları təşkil edildi. Naxçıvan vilayətində hər iki qəza ləğv olundu. Bu dəyişikliklər nəticəsində respublikanın tərkibinə 15 qəza (Ağdam, Ağdaş, Bakı, Gəncə, Göyçay, Cəbrayıl, Zaqatala, Qazax, Kürdüstan, Quba, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı) Naxçıvan vilayəti və Dağlıq Qarabağ Muxtar Vilayəti daxil oldu. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il qərarı ilə Naxçıvan vilayəti Naxçıvan Muxtar Respublikasına çevrildi. 1926-cı ildə qəzaları möhkəmləndirmək məqsədi ilə Şamxor və Ağdaş qəzaları ləğv edildi. VI Ümumazərbaycan Sovetlər qurultayının (8 aprel 1929-cu il) qərarı ilə respublika ərazisində dairələr (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa, Muğan) təşkil edildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə Zaqatala və Nuxa dairələri yenidən bərpa edildi və Qarabağ dairəsinin tərkibindən ayrılmış müstəqil Kürdüstan dairəsi yaradıldı. 
1930-cu ildə Azərbaycan SSR-də 10 dairə (Bakı, Gəncə, Zaqatala, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şəki (Nuxa), Şirvan (Göyçay))mövcud idi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə respublika ərazisi 63 rayona bölündü. 1931-ci ilin fevralında bəzi rayonlar ləğv edilərək yeniləri yarandı, bununla əlaqədar onların sayı 47-yə endi. (Hacıkənd, Əliabad, Ağsu, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilmiş, Hil, Gəncə, İsmayıllı, Nuxa və Şaumyan rayonları yaradılmışdır. "1931-ci ilin oktyabrında Petropavlovsk kəndi "Sabirabad şəhəri" adlandırılır.
1933-cü ilin martında yenidən Qubadlı rayonu, 1934-cü ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları təşkil edildi. 1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirildi. 1938-1939-cu illərdə Azərbaycanın inzibati-ərazi bölgüsündə əsaslı dəyişikliklər edildi. 1938-ci ilin iyulunda Qaradonlu rayonunun adı dəyişdirilərək "İmişli" edildi, Hil - "Qusar", Zuvand-"Lerik", Biləsuvar-"Puşkin", Nərimanov-"Xanlar", Veryaduz-"Yardımlı" adlandırıldı. 1938-ci ildə Annino kəndi "Şamxor şəhəri", Goranboy kəndi "Qasım İsmayılov qəsəbəsi", Yelenendorf kəndi "Xanlar şəhəri", Zubovka kəndi "Əli Bayramlı" şəhəri adlandırıldı. 1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yaradıldı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizaq və Corabert rayonları "Hadrut" və "Mardakert" rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov və İsmayıllı rayonları yaradıldı. 1939-cu ildə Hacıqabul şəhəri "Qazıməmməd" adlandırıldı. 
1940-cı ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları təşkil edildi. 1943-cü ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaradıldı. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Əbrəqunis rayonu ləğv edildi. 1949-cu ilin avqustunda Tərtər rayonu "Mir-Bəşir" rayonu adlandırıldı. 22 noyabr 1949-cu ildə Sumqayıt, 4 fevral 1954-cü ildə Mingəçevir şəhərləri yaradıldı. 1954-cü ilin yanvarında Samux rayonu ləğv edildi. 1956-cı ilin aprelində Dəstəfur rayonu "Daşkəsən" rayonu adlandırıldı. 
1956-cı ilin dekabrında Xızı, 1959-cu ilin sentyabrında Mərəzə rayonları ləğv olundu. 1959-cu ilin aprelində Qaryagin rayonu "Füzuli" rayonu adlandırıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 dekabr 1959-cu il fərmanı ilə Ağstafa, Qazıməmməd, Qonaqkənd, Mərəzə, Neftçala, Səfərəliyev, Siyəzən, Xudat rayonları ləğv edildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il fərmanı ilə Ağcabədi, Əli Bayramlı, Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşen, Mir-Bəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edildi. Lakin bir ildən sonra - 1964-cü ilin iyulunda Cəbrayıl, Qasım İsmayılov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə (bu vaxt N. S. Xruşşov artıq hakimiyyətdən uzaqlaşdırılmışdı) 1963-cü ildə ləğv edilmiş bütün rayonlar bərpa olundu. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu "Cəlilabad", 1968-ci ilin sentyabrında Nuxa rayonu "Şəki" rayonu adlandırıldı. 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 may 1978-ci il fərmanı ilə DQMV-nin Stepanakert rayonu "Əsgəran" rayonu, 23 oktyabr 1978-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu "Babək" rayonu adlandırıldı. Müasir inzibati-ərazi bölgüsü 1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə möhkəmləndirilmişdir. 
Azərbaycan Respublikası Ali Sovetinin 18 may 1990-cı il tarixli qərarı ilə Ağstafa, Qobustan, Xızı, Hacıqabul, Samux, Siyəzən rayonları yaradıldı. 1991-ci il fevralın 7-də Şaumyan (kənd) rayonu ləğv edildi və Goranboy (sabiq Qasım İsmayılov) rayonu ilə birləşdirildi. Mir-Bəşir "Tərtər", Şamxor isə "Şəmkir" adlandırıldı. Azərbaycan Respublikası prezidentinin 26 noyabr 1991-ci il fərmanı ilə Stepanakert, Mardakert, Martuni rayonlarının tarixi adları qaytarılaraq Stepanakert "Xankəndi", Mardakert "Ağdərə", Martuni "Xocavənd" adlandırılmış, Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir. 
Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək 19 mart 2004-cü ildə yeni Kəngərli rayonu yaradılmışdır. Kəngərli rayonunun inzibati ərazi bölgüsünə Babək rayonundan Böyükdüz, Çalxanqala, və Xincab kənd inzibati ərazi dairələrini əhatə edən ərazi vahidlərinin əraziləri, Şərur rayonundan Xok, Qarabağlar, Qıvraq, Şahtaxtı, Yeni Kərki və Yurdçu kənd ... >>> 
Daha ətraflı


   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center