Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


§ Dil

Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır. Azərbaycan dili genealoji təsnifata görə, türk dillərindən biri olub, Ural-Altay dilləri ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.

daha ətraflı

§ Din

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də islam dini üstün mövqe tutur. Əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir. Məzhəblərə gəldikdə isə azərbaycanlıların çoxu (təqribən 65 faizi) şiələrdir Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq,

daha ətraflı

§ Konstitusiya

Azərbaycan Cümhuriyyətinin ilk hüquqi sənədi Konstitusiya aktı statusuna malik olan İstiqlal Bəyannaməsi (Misaqi-Milli) idi. Bu hüquqi (həm də siyasi) sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı (xalq cümhuriyyəti formasında) bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Bəyannamədə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin dövlət fəaliyyətinin əsasını təşkil etməsinin bəyan edilməsi suveren, demokratik, hüquqi dövlət yaradılması istəyini nümayiş etdirirdi. İstiqlal bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda milli dövlətin siyasi əsaslarını, yəni demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, daxili və xarici, eyni zamanda milli siyasətin əsaslarını, vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirdi. Lakın bu sənəd Konstitusiyanı tam əvəz edə bilməzdi və Azərbaycan Cümhuriyyətinin Konstitusiyasının dövlətin ali orqanı - Müəssislər Məclisi (Parlament) tərəfindən qəbul edilməsi nəzərdə tutulurdu.

daha ətraflı

§ Paytaxt

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Abşeron yarımadasında, Xəzərin qərb sahilində yerləşir. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəgədi, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir. Bakının ən qədim tarixi abidələrindən biri dünyada qayaüstü təsvirləri ilə tanınmış Qobustandır. Burada Mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidəsinə rast gəlmək olar. Bakını V-VI əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus məxəzlərində (XV əsr) "Baka", Səfəvilər dövrü farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir.

daha ətraflı

§ Pullar

Azərbaycanın dövlətçilik tarixi hələ antik dövrdən başlayır. Antik Azərbaycan dövlətçiliyini sübut edən amillərdən biri onun ərazisində mövcud olmuş Albaniya (Qafqaz Albaniyası) və Atropatena dövlətlərində zərb edilən yerli sikkələrin aşkar edilməsidir. Azərbaycan ərazisində tapılan ilk pullar Makedoniyalı İsgəndərin (Aleksandrın) dövrünə aiddir. Artıq eramızdan əvvəl III əsrin ikinci yarısından beynəlxalq ticarətə qoşulmuş albanlar və atropatenalılar daxili bazarın ehtiyaclarını ödəmək məqsədilə İsgəndərin gətirilmə sikkələrinə bənzər pullar zərb etməyə başladılar. Bu və sonrakı dövrlərə aid "AT" və "ATR" monoqramlı (numizmatlar bunu Atropat və ya Atropatena kimi oxuyurlar) gümüş dirhəmlər (draxmalar) Azərbaycan, Gürcüstan və Dağıstan ərazilərində geniş aşkar edilmişdir. Alimlər həmin sikkələrin Qəbələdə, Ərdəbildə və başqa yerlərdə olan zərbxanalarda basıldığını güman edirlər. Eyni zamanda Albaniyada isə Selevkilərin gümüş sikkələrinə bənzədilən pulların tədavülü eramızdan əvvəl II-I əsrlərə təsadüf edir.

daha ətraflı


   


Advertisement

XOCALI


Copyright © 2012 Azerbaijan Europe Information Center